Hindistanda polis kortejinə hücum nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb

Dünən Hindistanın Cammu və Kəşmir ştatında törədilən partlayış nəticəsində həlak olan polis əməkdaşlarının sayı 45 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, IANS informasiya agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Əldəqayırma partladıcı qurğu mərkəzi ehtiyat polisi əməkdaşlarını daşıyan avtomobil karvanı Pulvama dairəsində hərəkətdə olduğu zaman işə salınıb. Partlayışdan sonra hadisə yerində atışma səsləri eşidilib. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürüb.

Təhlükəsizlik qüvvələri nümayəndəsinin sözlərinə görə, hücuma məruz qalan avtobusdakı 44 polis əməkdaşının hamısı ölüb. Partlayış nəticəsində, həmçinin 38 nəfər yaralanıb. İnsident baş verən zaman kortejdə ümumilikdə 2500-ə yaxın polis əməkdaşını daşıyan 78 avtomobil olub.

Qeyd edək ki, “Ceyş-ə-Məhəmməd” Cammu və Kəşmir ştatında fəaliyyət göstərən ondan çox qruplaşmadan biridir. Onlar ştatın müstəqilliyi və qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparırlar.

ƏvvəlkiAzərbaycanda növbəti tədris ilində işlək tələbə kredit sistemi yaradılacaq
NövbətiAzərbaycanda xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar quraşdırılacaq