Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not kitablarının təqdimatı olub

Noyabrın 2-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının musiqili təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Könül Arifqızının aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təqdim edilən əsərlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

O qeyd edib ki, notlar Azərbaycan musiqi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyətli rol oynayır.

Sonra “Əbədi imzalar” filminin nümayişi olub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan musiqisi Heydər Əliyev Fondu tərəfindən bütün dünyada tanıdılır.

“Elə ölkə yoxdur ki, muğamımız və musiqimiz tanınmasın. Bu gün bütün ifaçılarımız hər bir əsəri səsləndirə bilər. Bir neçə müddət idi ki, bir qrup bu layihə üzərində çalışırdı. Layihə musiqimizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir”, – deyə nazir müavini qeyd edib.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə not kitablarının hazırlanması zamanı İttifaqın əməkdaşlarının böyük təşəbbüs göstərdiyini bildirib. Xalq artisti bu cür topluların bütün dünyaya yayılmasından şad olduğunu söyləyib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Əməkdar artist, bəstəkar Vüqar Camalzadə çıxış edərək layihə üzərində çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, fortepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

Tədbirdə Üzeyir Hacıbəylinin, Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun və digər bəstəkarların xor, mahnı və instrumental əsərləri ifa edilib.

ƏvvəlkiDünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib
Növbəti44 Azərbaycan bayrağı Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əmanətlərinə təqdim edilib