Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Naxçıvanda yad edilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasına səfər edib.

“Report” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Səfərin məqsədi Ulu öndərin əziz xatirəsinin Heydər Əliyevin anadan olduğu Naxçıvan şəhərində yad edilməsindən ibarət olub.

Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib və ümummilli lider Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Konfransda AR Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və AR xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov çıxışında Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu xarici siyasət strategiyasının Azərbaycanın təhlükəsizliyinin və dövlətçiliyinin etibarlı təminatı olduğunu qeyd edib. O, Ulu öndərin uzaqgörən və müdrik xarici siyasətindən bəhs edərək, Naxçıvan Muxtar Respublikasında xarici siyasətlə bağlı qəbul edilən qərarların sonrakı dövrdə ölkəmizin diplomatik münasibətlər sisteminin mühüm tərkib hissəsinə çevrildiyini vurğulayıb. Heydər Əliyevin xarici siyasət xəttinin uğurlarını vurğulayan Ali Məclis sədri xarici dövlətlərlə bərabərhüquqlu və ölkəmizin mənafeyinə xidmət edən ikitərəfli əlaqələr yaradıldığını, Azərbaycan dünyanın mötəbər beynəlxalq təşkilatlarına üzv seçildiyini, qısa müddətdə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini, “Əsrin müqaviləsi”nin imzalanması, tarixi İpək Yolunun bərpası, eləcə də digər strateji nəqliyyat-kommunikasiya layihələri ölkəmizin beynəlxalq nüfuzunu artırdığını vurğulayıb. Tədbir iştirakçılatının diqqətinə çatdırılıb ki, İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir.

Daha sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Ulu öndərin bütövlükdə müasir Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında əvəzsiz rolundan danışıb. Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursunun hazırlanması və aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu və inkişaf etdirildiyini bildirən nazir Ceyhun Bayramov, Azərbaycanın bugünkü xarici siyasət uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin xarici siyasət konsepsiyasının durduğunu ifadə edib. Torpaqlarımızın işğaldan azad olunmasının Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri olduğunu qeyd edən nazir, bu missiyanın Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildiyini, bugün üçrəngli bayrağımızın işağldan azad olunmuş torpaqlarımızda dalğalandığını vurğulayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başladığını qeyd edib.

Çıxışlardan sonra qonaqlara Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Daha sonra tədbir Naxçıvan Dövlət Flarmoniyasının təqdimatında Ümummilli lider Heydər Əliyevin sevdiyi və ulu öndərə həsr olunmuş musiqi kompozisiyalardan ibarət xatirə konserti ilə davam edib.

ƏvvəlkiAzərbaycana qarşı əsassız iddialar irəli sürülüb
NövbətiŞuşadakı beynəlxalq festival Qarabağda turizmin inkişafına böyük töhfə verib