Hazırda müxtəlif xalqlar arasında və dünyada etimad böhranı mövcuddur

“Hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı mövcuddur”.

“Report” xəbər verir ki, bunu İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri “Bakı prosesi – insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlifliyin qəbul edilməsi üçün insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var.

Baş direktor qeyd edib ki, mədəni böhranlardan qorunmağın çıxış yollarını tapmaq lazımdır: “Bakı prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir. Biz sülhün, insan qardaşlığının carçıları olmalı, insan, bəşəriyyət üçün təhlükəsiz həyatı təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik”.

YUNESKO-nun keçmiş baş direktoru İrina Bokova isə deyib ki, hazırda hər kəsin qarşısında duran suallar eynidir: “Mədəniyyətlərarası dialoqun düzgün təşkili üçün hansı işlərin görülməsi, atılacaq addımları hamımız düşünürük. Biz bilirik ki, qarşılıqlı əlaqələr müxtəlif icmaların yaranmasına zəmin yaradır. Ona görə də parçalanma halları hər zaman mövcud olub. Çağırışlar daha çox bərabərsizlikdən, sülhün olmamasından, miqrasiyadan əziyyət çəkən insanlarla bağlı olur və hələ də problem qalır. Forum bu məsələləri qlobal gündəliyə daxil edərək, müzakirələr apararaq həll yollarını tapmağa gətirib çıxarır”.

O, həmçinin vurğulayıb ki, mədəniyyətlərarası dialoqa insan inkişafından ayrı baxıla bilməz: “Müxtəlif mədəniyyətlər haqqında savadsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına, mövcud problemlərin həll edilməsinə sülh yolu ilə nail olmaq lazımdır”.

ƏvvəlkiISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri
NövbətiRusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev