“HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin ikinci onlayn tədbiri keçirilib

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin ikinci onlayn tədbiri keçirilib.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrini, digər dövlət agentlikləri və hökumət nümayəndələri, beynəlxalq qurumların təmsilçilərini, özəl sektor və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərini bir araya gətirib.

FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Milli Texniki Komitə kiçik fermerlərə diqqət yetirməklə Azərbaycanda fındıq istehsalını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Komitə dövlət sektorunu, o cümlədən yeni yaradılmış hökumət qurumlarını və özəl sektoru təmsil edir.

Görüşdə layihənin Çoxillik Əkinçilik Sistemləri üzrə beynəlxalq mütəxəssisi Uygun Aksoy tərəfindən “Mərmər Bağacığı böcəkləri və fındıq bağları üçün mənfi təsirləri” və “Aflatoksinlər və aflatoksinlə çirklənməyə qarşı mübarizə tədbirləri” mövzularında təqdimat keçirilib və müzakirələr aparılıb.

Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir. Qeyd edək ki, layihə Azərbaycanın şimal-qərb və şimal-şərq regionlarında (əsas fındıqçılıq rayonları – Balakən, Qax, Zaqatala, Xaçmaz) həyata keçirilir. Layihənin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır. Layihə yeni yaradılmış hökumət institutları və dövlət qurumlarının özəl sektor iştirakçıları ilə əlaqələrin qurulması imkanlarını genişləndirilməsini hədəfləyir.

Görüş daha sonra iştirakçıların açıq müzakirəsi formasında davam edib.