Bərdədə aqrar innovasiya festivalı keçirilib

Bu gün Bərdə rayonunda Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 17-ci Aqrar İnnovasiyalar Festivalı keçirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, tədbir yerli Peşə Liseyində baş tutub.

Jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, bugünkü festival əvvəlki 16 festivaldan çox fərqlənir: “Burada 1200-dən çox fermer, 300-dən çox peşə liseyi tələbəsi iştirak edir”.

Onun sözlərinə görə, fermerlərin bu cür festivallara marağı getdikcə artır: “Çünki məhsul istehsalçıları olan fermerlərimiz təsərrüfat sahələrinin becərilməsində istifadə olunan texnologiyalarla bağlı suallarına ətraflı cavab alırlar”.

“Festivalın əsas üstünlüklərindən biri də odur ki, fermer və sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək məqsədilə bir sıra dövlət qurumları ilə əlaqələrin qurulması da burda təmin olunur. Həm banklar, həm də digər kredit təşkilatları vasitəsilə fermer aqrar kredit almaq üçün, vaxt itirmədən müraciətini edir, bu imkandan yararlanır. O cümlədən istehsalçı kənd təsərrüfatında tətbiq edilən innovativ yeniliklər barədə məlumat almaqla yanaşı, öz fərdi sahəsində də bu texnoloji üstünlüklərdən (dronlar, sertifikatlı toxumlar, tinglər, peraparatlar) istifadə etmək imkanı qazanır”, – deyə o əlavə edib.

ƏvvəlkiBQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf etdi: Həmin sürücülərlə müqaviləyə xitam verilib
Növbətiİmişlidə bələdiyyə sədrinə cinayət işi başlanılıb