Göyçayda yolkənarı baş verən yanğın avtomobil qəzasına səbəb olub

Göyçay rayonunda yol kənarında kol-kosun yanması avtomobil qəzasına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyulun 13-də saat 17:30 radələrində rayonun Şıxbəyli kəndindəki yolda baş verib. Belə ki, böyük ərazini əhatə edən yanğının törətdiyi qatı duman hərəkətdə olan avtomobillərin sürücüləri üçün ciddi çətinliklər yaradıb. Rayon sakini 1961-ci il təvəllüdlü İlqar Mahmud oğlu Vəliyev də bu səbəbdən qəza törədib. O, idarə etdiyi “AzSamand” minik avtomobili ilə yolda hərəkətdə olarkən qatı duman səbəbindən qəzaya düşüb. Avtomobil yoldan çıxaraq yanan kol-kos ərazisinə aşıb. Sürücü İlqar Vəliyev ağır xəsarət aldığı üçün hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobil isə yanaraq yararsız hala düşüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ƏvvəlkiAbşeronda şəhid Rufiz Budaqovun doğum günündə xatirəsi anılıb
NövbətiKəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub