Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49 min 421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçirilir.

Qeyd edək ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111 min 209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106 min 907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub. Yaxın zamanlarda isə pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərərçəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayına münasibətdə biraylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

ƏvvəlkiAzərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb
NövbətiÖlkədə 93 yeni yoluxma faktı qeydə alınıb