Ermənistanla əlbir olan Almaniya hökuməti Oxçuçay terrorunu ört-basdır etməyə çalışır

Araz çayının sol qolu olan Oxçuçay illərdir ki, Ermənistan tərəfindən çox təhlükəli həddə çirkləndirilir. Çirklənmə səviyyəsinin ən böyük hissəsi isə bu ölkədə fəaliyyət göstərən Almaniyanın “Cronimet Holding” şirkətinin payına düşür. Şirkətin əsas səhmdarı Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu” ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradaraq Oxçuçayı təhlükəli həddə çirkləndirməkdə davam edir.

Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel – 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda – bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub.

Məhz bu səbəbdən Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans doğurub və ictimai narazılığa gətirib çıxarıb.

Bütün bunları nəzərə alaraq, Azərbaycan mediası Almaniya səfirliyinə müraciət edib. Səfir bu müraciətə cavabında məsələni ört-basdır etməyə və diqqəti şirkətin üzərindən yayındırmağa çalışıb. Almaniyanın Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını qeyd edib.

Təbii ki, Almaniyanın Azərbaycana qarşı belə münasibəti yeni deyil. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi Almaniyanı hər zaman narahat edib və bu da ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsasını təşkil edib. Özü də Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir.

Bu, Oxçuçay məsələsində bir daha öz təsdiqini tapdı. Belə ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən dərhal sonra Almaniya hökuməti sözügedən problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Bunu həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdi kimi qiymətləndirmək olar.
Beləliklə, özünü dünyaya ətraf mühitin mühafizəsi üzrə “cəfakeş” kimi təqdim etməyə çalışan Almaniya hökuməti Oxçuçay fəlakətinə susur və hətta bu cinayət əməlinin törədilməsində Ermənistanla əl birliyi edir.

Bu arada, qeyd edək ki, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Məlumdur ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə – mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı Trend-ə bildirib ki, Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə – Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.

Eyni zamanda, İran İslam Respublikası Ətraf Mühit İdarəsinin Rəhbəri, cənab İsa Kalantariyə hər iki ölkənin ətraf mühitinə təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyini əks etdirən məktub göndərilib. Eyni zamanda bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması təklif edilib.

Beynəlxalq təşkilatlarla yanaşı, ETSN Alman Bundestaqına, Yaşıllar Fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın “Kronimet Holding” şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu”nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət edib.

Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri, xanım Sylvia Kotting-Uhl-a, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri xanim Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü Dr. Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanıb.

Məktublarda ETSN tərəfindən Alman hökuməti, vətəndaş cəmiyyəti və ictimaiyyətinin bu məsələyə tezliklə münasibət bildirməsinə dair gözləntilər ifadə edilib. Bununla yanaşı, məktublarda Ermənistandakı çoxsaylı ekoloji təşkilatların da Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması ilə əlaqədar qaldırdıqları narahatlıqlar, erməni media mənbələrindən faktlar da təqdim edilib.

Bütün bunlara baxmayaraq, Ermənistan və Almaniya hökumətləri bu ekoloji terrora göz yummaqda davam edirlər.

ƏvvəlkiAzərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır
Növbətiİyulun 6-da Azərbaycanda koronavirusa qarşı 62 minə yaxın vaksin vurulub