Ekspertlər Ukraynada keçiriləcək prezident seçkiləri barədə: “Sorğuların nəticələrinə inanmaq lazım deyil”

“Hətta ən məşhur politoloqlar da kimin Ukrayna Prezidenti seçiləcəyini təxmin etməyə çalışmırlar”.

Bunu “Report”a Ukrayna Analitik Mərkəzinin direktoru Aleksandr Oxrimenko martın 31-də Ukraynada keçiriləcək seçkiləri şərh edərkən deyib.

Onun fikrincə, sorğuların nəticələrinə tam inanmaq lazım deyil, çünki seçkilərdə daha çox insan səs verəcək: “Yekun nəticəni aprelin 21-dən sonra biləcəyik, o vaxta qədər isə heç kim heç nə deyə bilməyəcək”.

A.Oxrimenko hər hansı bir namizədin qələbəsi təqdirində Ukraynadakı vəziyyətin radikal dəyişikliklərə məruz qalmayacağını dilə gətirib.

“Həm Zelenski, həm Poroşenko, həm də Timoşenko ölkənin NATO-ya üzv olmasından yanadır. Namizədlərin hamısı şərqdəki müharibə probleminin həlli barədə danışır, ancaq dərd orasındadır ki, heç birinin Ukraynanın şərqindəki müharibəni necə həll etməklə bağlı real planı yoxdur. Onların bu gün təklif etdikləri ciddi deyil, yalnız piardır”, – politoloq vurğulayıb.

O, istənilən namizədin rəhbərliyi altında Ukraynanın xarici siyasətinin Avropa istiqamətli olacağını söyləyib. “Yenə BVF olacaq, yenə ABŞ haqqında danışılacaq, Merkel, çox güman, istənilən qalibi təbrik edəcək”, – A.Oxrimenko hesab edir.

Aleksandr Orximenkoİstənilən namizədin rəhbərliyi altında Ukraynanın xarici siyasəti Avropa istiqamətli olacaq

Onun sözlərinə görə, qarşıdakı seçkilər prezidentliyə namizədlər arasındakı mübarizə ilə deyil, daha çox ukraynalı oliqarxlar arasında zənginləşmə mübarizəsi ilə xarakterizə olunur.

O, Ukraynada de-fakto yaranmış vəziyyətin yalnız ukraynalı oliqarxlar üçün deyil, eyni zamanda bir-biri ilə əməkdaşlıq edən və hətta Ukraynada öz biznesi – bankları, ticarət şəbəkələri, benzin satışı məntəqələri olan rusiyalı oliqarxlar üçün də faydalı olduğunu əlavə edib.

Ukraynada “Maydan”ın təkrarlanma ehtimalı haqqında danışan A.Oxrimenko seçkilər ərəfəsində və ya ondan sonra belə hadisələrin baş verəcəyini düşünmədiyini söyləyib: “Bu gün yeni “Maydan”ı maliyyələşdirməyə hazır olacaq bir oliqarx görmürəm. Pul olmadıqdan sonra isə nə “Maydan”?!

Öz növbəsində, azərbaycanlı politoloq Tofiq Abbasov da hazırda prezident seçkilərində kiminsə qələbəsi haqqında danışmağın tez olduğunu və bu siyasi oyunda müxtəlif ukraynalı oliqarxların mühüm rol oynadıqlarını bildirib.

“Artıq ən həlledici an yetişib, mübarizəyə yalnız kompromatlar, qara piar deyil, həm də bu və ya digər namizədləri lobbiləşdirən işgüzar dairələrin maliyyə axınları qoşulur”, – o deyib.

Tofiq AbbasovArtıq ən həlledici an yetişib, mübarizəyə yalnız kompromatlar, qara piar deyil, həm də bu və ya digər namizədləri lobbiləşdirən işgüzar dairələrin maliyyə axınları qoşulur

O, qarşıdakı prezident seçkiləri üçün üç ən iddialı namizədini açıqlayıb – bunlar indiki Prezident Petro Poroşenko, “Batkivşina” lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenskidir.

“Mənə elə gəlir ki, çox şey kimin ikinci tura çıxmasından asılı olacaq, çünki kimsə Poroşenko ilə birlikdə ikinci tura çıxarsa, digərləri reytinqlərin autsayderi olan Poroşenkoya qarşı həmin namizədi dəstəkləyəcək. Çünki indiki prezident kütləvi seçicilərin böyük ümidlərini doğrultmayıb”, – T. Abbasov söyləyib.

O, cənub-şərqində vətəndaş müharibəsinin olduğu Ukraynada bu gün bu məsələ ilə bağlı müəyyənliyin, konkret antiböhran proqramının və enerji təhlükəsizliyini təmin edən proqramın olmadığını vurğulayıb.

Ukrayna-Azərbaycan münasibətləri barədə danışan ekspert Azərbaycanla Ukrayna arasında mövcud əlaqələri dövlət başçısı Petro Poroşenkonun aktivinə yazmaq lazım olmadığını, əlaqələrin ona qədər də olduğunu qeyd edib.

“Bu gün bu münasibətlər dinamikasını qoruyub saxlayıb, hətta ola bilsin, inkişaf da edib. Amma bunun dövlət başçısının konkret fəaliyyət planının nəticəsi olduğunu deməzdim. Əksinə, o, bir çox məsələlərdə, o cümlədən Azərbaycanla münasibətlərin inkişafı istiqamətində təşəbbüsü əldən verib”, – T.Abbasov hesab edir.

ƏvvəlkiErmənistanda məhkəmə hakimi rüşvətə görə tutulub
NövbətiProblemli kreditlərə görə verilən kompensasiyanı açıqlayan xidmət yaradıldı