Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hədəfi Xəzər dənizini ekoloji inkişaf və sabitlik zonasına çevirməkdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət hədəflərindən birinin Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasıdır. Onun ekoloji inkişaf və sabitlik zonasına çevrilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunur.

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər kimi xarakterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır.

Bu sözləri AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov bildirib.

Mütəxəssis deyib: “Təəssüflə qeyd etmək istərdik ki, 12 avqust-“Xəzər günü” ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə vətəndaşların istirahət zamanı ekoloji təmizliyə riayət etmədiyi aydın olub. Aparılan müşahidələr onu deməyə əsas verir ki, iməcilik keçirilən ərazinin demək olar ki, 99 faizi vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib. Yəni cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik mövcuddur. Bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.

Hesab edirik ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bərabər, ictimai fikirdə ekoloji pozuntulara qarşı tələbkarlıq və təbiətə qayğı anlayışları daha da dərinləşməlidir. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Sahil zonasında fəaliyyət göstərən müəssisələrə və digər çirkləndirici subyektlərə isə davamlı olaraq xəbərdarlıqlar edilir, fəaliyyətlərinin qanunvericiliyə uyğunlaşdırılması tələbi qoyulur”.

F.Mütəllimov bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması, gəmilərin istismarı prosesinin standartlara uyğun qurulması, tullantıların təhvili-təslimi zamanı şəffaflığın təmin olunması, utilizasiya prosesinin düzgün təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət aparılır, reydlər keçirilir. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilir: “Sevindirici haldir ki, çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib. Eyni zamanda, başlanğıcdan ekoloji cəhətdən işini düzgün təşkil edən, ekoloji normalara riayət edən bir sıra istirahət mərkəzlərinin fəaliyyəti təqdir olunmalıdır. Lakin bəzi obyektlərdə, istirahət mərkəzlərində məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə olunmadığı müəyyənləşib. Qeyd edək ki, verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması qərara alınıb”.