E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi beynəlxalq müsabiqənin qalibləri olub

Hər iki innovativ uğur müxtəlif ölkələrdən 360 layihənin iştirak etdiyi beynəlxalq müsabiqənin “Çempion layihələr”i seçilib

BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının İsveçrənin Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023” çərçivəsində keçirilən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 360 layihə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) bu beynəlxalq müsabiqədə iki ayrı kateqoriya üzrə qalib gəlib və müsabiqənin “Çempion layihələri”i seçilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da Azərbaycan sosial sahədə İKT-nin tətbiqi üzrə uğurlu təcrübələrinə görə növbəti beynəlxalq uğurlara imza atıb.

2019-cu ildən istifadəyə verilən e-sosial.az internet portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

“Android” və “İOS” sistemlərində də fəaliyyət göstərən portala ötən dövrdə 67 milyon 645 min müraciət olub, portalda qeydiyyatdan keçən aktiv istifadəçi sayı da artaraq 1 milyon 300 minə çatıb.

ƏMAS isə 2022-ci ilin may ayında istifadəyə verilib və vahid əmək münasibətləri platformasıdır. Həmin altsistem vasitəsilə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təmin olunur.

Məşğulluq xidmətlərinin daha çevik və əlçatan olmasına imkan yaradan ƏMAS-da ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri və s. də əhatə edir.

Hazırda 193 ölkənin, habelə çoxsaylı akademik institutların, özəl şirkətlərin üzv olduğu BTİ-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti aktual məsələlərin müzakirə və konsensus əsasında həll edildiyi qlobal forumdur. Bu qlobal sammit, həmçinin İKT inkişafına dəstək verir, informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün unikal imkanlar yaradır.

ƏvvəlkiFikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub
NövbətiMüdafiə Nazirliyi sürücü ixtisası üzrə kursa qəbul elan edir