Dünya şöhrətli yoqa ustası Heydər Əliyev Mərkəzində mühazirə deyəcək

Noyabrın 10-da məşhur hindistanlı yoqin və mistik Sadhquru (Sadhguru) Heydər Əliyev Mərkəzində ilk dəfə mühazirə ilə çıxış edəcək.

Türk.az-ın məlumatına görə, onun izləyiciləri ilə görüşü “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” (İnner Engineering: Technologies For Wellbeing) mövzusunda olacaq.

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağılı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı bir fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmir, asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

Mühazirə zamanı bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə danışılacaq, auditoriyanın suallarına cavab veriləcək.

Tədbir çərçivəsində Sadhqurunun yeni kitabının imzalanma mərasimi və satışı da olacaq.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub. Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil-qərargahında əsas, Ümumdünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçuset Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib. Sadhquru 1992-ci ildə insanların rifahına xidmət edən Beynəlxalq İşa Fondunu yaradıb.

Sadhqurunun Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinin biletlərini Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar. Biletlərin qiyməti 10, 20, 50 və 100 AZN-dir.

Mühazirəçi ingilis dilində çıxış edəcək, Azərbaycan və rus dillərinə isə sinxron tərcümə olunacaq.

Əvvəlkiyoqa ustasi
Növbətikishi medi