Dövlət qulluğunda inzibati vəzifələr üzrə imtahanda 1442 namizəd iştirak edəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qrupları üzrə test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 996, ümumilikdə isə 1442 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

ƏvvəlkiÖzbəkistan Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır
NövbətiSabah məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verilir