Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanında 18 namizəd uğur qazanıb

İyulun 31-də dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Dövlət qulluğuna qəbul imtahanı elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 48 nəfərdən 45 nəfər imtahana gəlib. İmtahanın nəticələrinə əsasən AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 4, AC4 altqrupu üzrə 7 nəfər olmaqla ümumilikdə 18 namizəd uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün avqustun 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 2-4-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

ƏvvəlkiBu gün XII Qəbələ Musiqi Festivalı başlayır
NövbətiXaricdə təhsil almış məzunlar Ağdama səfər edib