Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitədən Trend-ə verilən xəbərə görə, məlumatda deyilir:

“Bu gün kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitab şəbəkə istifadəciləri və izləyicilərinin haqlı tənqidinə səbəb olmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almamışdır.

Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir.
Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır.

Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan infornasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilmişdir.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır.

Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən “kitab” ekspert rəyi olmadan çap edilmişdir.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq”.

Aygün Bal
Aygün Bal
ƏvvəlkiAvqustun 14-dən banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq
NövbətiAtəşkəs rejimi 35 dəfə pozulub