Dövlət Agentliyinin sədri GIZ-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” proqramının Cənubi Qafqaz üzrə direktoru Kristof Bayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib.

Bildirilib ki, bu günədək vətəndaşlardan 46 milyondan çox müraciət qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Dövlət Agentliyi ilə GIZ arasında yaranmış əməkdaşlıq münasibətləri, o cümlədən yerli İcra Hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsini və xidmətlərinin elektronlaşdırılmasını nəzərdə tutan birgə layihələr çərçivəsində həyata keçirilən işlər barədə də söz açılıb. Qeyd olunub ki, hər iki layihə çərçivəsində hazırda işlər aktiv şəkildə davam etdirilir.

Eyni zamanda, tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.

Elektron Hökumətin İnkişafı Mərkəzində baş tutan görüşdə Mərkəzin direktoru Fariz Cəfərov görülən işlər, həyata keçirilən dövlət, vətəndaş və özəl istiqamətli layihələr haqqında məlumat verib. Həmçinin birgə həyata keçirilən “Rəqəmsal İcra Hakimiyyəti” portalı və bu layihənin bölgələrdə elektron hökumət quruculuğu istiqamətində təqdim edəcəyi imkanlar haqqında danışılıb.

Qonaqlar “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Sonda xatirə hədiyyələri təqdim olunub.

ƏvvəlkiMaliyyə Nazirliyindən Azərbaycanın IMF-dəkı hesabının artması ilə bağlı açıqlama
NövbətiQarabağın ilk hava limanında işləmək üçün vakansiya elan olunub