DOST Agentliyi mərkəzlərində 500 000-ci vətəndaş müraciəti qeydə alınıb

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində 500 000-ci vətəndaş müraciəti qeydə alınıb.

ƏƏSMN-dən “Report”a verilən məlumata görə, Bakının Binəqədi rayon sakini, Vətən müharibəsi iştirakçısı Elmir Bayramlı 4 saylı Bakı DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu xidməti ilə bağlı müraciət edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğuna uyğun təşkili Agentliyin əsas fəaliyyət prinsipidir.

Beş yüz mininci vətəndaşı təbrik edən F.Məmmədov ona Agentlik adından təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. E.Bayramlı DOST mərkəzində göstərilən xidmətlərdən razı qaldığını və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda 2019-cu ilin may ayından etibarən 5 DOST mərkəzi açılıb və paytaxtın 10 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov), eləcə də Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2021-ci il üzrə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faizdir.

Bakıda və respublikanın regionlarında yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub.

ƏvvəlkiArtilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vurub
NövbətiAzərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər