Donald Tusk: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini bundan sonra da dəstəkləyəcək”

“Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylərini bundan sonra da dəstəkləyəcək”.

Türk.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyanla İrəvandakı danışıqlarının yekunlarına həsr olunan brifinq zamanı Avropa Şurasının prezidenti Donald Tusk bildirib.

“Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının təməl prinsiplərinə əsaslanan uzunmüddətli çözümə köklənən vasitəçilik səylərini bundan sonra da dəstəkləyəcək. Aİ regionda sülhün inşasını dəstəkləyərək xalqları sülhə hazırlamaq üçün görülən tədbirlərə də yardım göstərməyə hazırdır”, –  o deyib.

D.Tusk Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki “müsbət dinamika”nın Aİ tərəfindən alqışlandığını, lakin “son günlər baş verən ölüm hallarını və gərginliyi artıran bəyanatlarla bağlı ATƏT-in Minsk qrupunun narahatlığını bölüşdük”lərini diqqətə çatdırıb.

Avropa Şurasının prezidenti bununla bağlı münaqişə tərəflərini təmkinli olmağa, “gerçək danışıqları davam etdirmək” üçün sülh ab-havasının bərpasına yönələn addımlar atmağa çağırıb.

Xatırladaq ki, D.Tusk iyulun 9-da Azərbaycanda səfərdə olub.