“Diplomatik Protokol Bələdçisi” təqdim olunub

Dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan yeni “Diplomatik Protokol Bələdçisi”nin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində təşkil olunmuş tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən XİN-in Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfli xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik missiya üzvlərinin immunitet və imtiyazlarının əks olunduğu “Diplomatik Protokol Bələdçisi” barədə məlumat verib.

Qırx bölmədən ibarət bələdçidə akkreditasiya qaydalarının, vergi və gömrük güzəştlərinin və digər diplomatik immunitet və imtiyazların öz əksini tapdığı vurğulanıb. Bələdçinin elektron formatda və kitab şəklində dərc olunduğu qeyd edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın xarici siyasətinə dair videoçarx təqdim olunub.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələn zaman ölkəmizin ərazisinin bir hissəsinin işğal altında olmasına, dərin iqtisadi çətinliklərlə üzləşməsinə baxmayaraq, Ulu Öndərin Azərbaycanda qısa müddətdə siyasi böhrana son qoyulduğunu, 1998-2003-cü illərdə apardığı uğurlu xarici siyasət sayəsində respublikamızın xarici ölkələrin etibarlı tərəfdaşına çevrildiyini və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutduğunu vurğulayıb. Bu baxımdan “Diplomatik Protokol Bələdçisi”nin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi dövründə hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəis müavini Rövşən Hüseynzadə “Diplomatik Protokol Bələdçisi”ndə əks olunan diplomatik immunitet və imtiyazlar ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

ƏvvəlkiAğsu rayonunda “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib
NövbətiPrezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib