DİN Qırğızıstanda saxlanılan 5 azərbaycanlı barədə məlumatı qarşı tərəfə təqdim edib

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 2024-cü il 23 mart tarixli mətbuat açıqlamasında bu ölkənin ərazisində 5 azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilmişdi.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyənləşib.

Həmçinin Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar qarşı tərəfin aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd olunan məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.

ƏvvəlkiMilli Məclisin sədri ICESCO-nun Baş direktoru ilə görüşüb
NövbətiAkademik İradə Hüseynova: Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib