DİN: “Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama aparılır”

Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama aparılır.

Bu barədə DİN-in mətbuat xidmətindən “Report”a bildirilib.

Qeyd edilib ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

“Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsinə, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.

Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – məlumatda deyilir.

ƏvvəlkiHava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb
NövbətiQobu qəsəbəsində ana və 8 aylıq körpəsinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb