DİM: Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün test imtahanı keçirilib

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.

Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan kompüter vasitəsilə bir saat müddətində elektron qaydada aparılır. Namizədlər imtahandan dərhal sonra nəticələrlə tanış olurlar.

Psixometrik test imtahanında isə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40 faiz nəticə göstərən və psixometrik testlərinin nəticəsi məqbul olan namizədlər müvafiq qrafikə uyğun olaraq təlimə cəlb ediləcəklər. Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60 faiz müsbət nəticə göstərərək uğurla keçənlər DİM-in elektron nəzarətçilər bazasına daxil edilir və zal nəzarətçisi sertifikatı alırlar. Onlar mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.

Xatırladaq ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyata ötən ilin avqust ayından başlanılıb və bu müddət ərzində 561 nəfər ərizəsini təsdiq edib. Namizədlər ilkin mərhələdə müsahibəyə dəvət olunublar. Müsahibələr DİM-in məsul əməkdaşları tərəfindən onlayn formatda aparılıb. Uğurlu nəticə əldə edən namizədlər psixometrik və ümumi intellekt səviyyəsini yoxlayan test imtahanlarına dəvət ediliblər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması ilə bağlı suallar yaranarsa, Mərkəzin M.Müşfiq küçəsi, 1M ünvanında yerləşən binasına (telefon: 012 502-68-81 və ya 1653) və ya regional bölmə mərkəzlərinə müraciət etmək olar.

Əvvəlki“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
NövbətiAzərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirib