Daşkənddə ŞƏT üzvü olan ölkələrin nazirlik və idarə rəhbərlərinin növbəti müşavirəsi keçirilib

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin turizm və mədəni irs sahələri üzrə nazirlik və idarə rəhbərlərinin növbəti müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ŞƏT üzvü olan ölkələr – Özbəkistan, Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın əlaqəli nazirlik və komitələrinin rəhbərləri iştirak edib.

Tədbiri Özbəkistan Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov açaraq təşkilatın üzvü olan ölkələr arasında bu sahədə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

ŞƏT-in Baş katibi Çjan Min bildirib ki, bu gün turizm və mədəni irsin qorunması sahəsində ŞƏT qarşısında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi durur. Buna görə də ŞƏT-ə daxil olan ölkələrin bu sahədə fəaliyyət göstərən qurumları daha yaxından əməkdaşlıq etməli, münasibətləri yeni səviyyəyə qaldırmalıdırlar.

Görüşdə postpandemiyadan sonra turizm sahəsinin dirçəldilməsi və inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, turistlərin təhlükəsizliyinin təmin olunması və digər məsələlər müzakirə olunub.

Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.

ƏvvəlkiAzərbaycan parataekvondoçusu Avropa üçüncüsü olub
NövbətiABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib