Daha 22 ailə Laçına qayıdıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Laçına çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 72 nəfər olmaqla, daha 22 ailə doğma yurda qovuşmağın sevincini yaşayıb. Laçın şəhərinə, öz doğma evlərinə dönən sakinlər əlamətdar gündə sevinc göz yaşlarını saxlaya bilməyiblər. Şəhərə gələn sakinlər böyük sevinclə qarşılanıb və doğma yurdlarına qayıtmaq münasibətilə onlara göz aydınlığı verilib.

Bildirilib ki, Laçın şəhərində onların yaşaması üçün bütün zəruri şərait yaradılıb, evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun bərpa edilib.

Qeyd edək ki, Laçına qayıdan ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.

ƏvvəlkiRusiya Azərbaycana yeni səfir təyin edib
NövbətiPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib