Cümhuriyyət dövrü və ordu quruculuğu proqramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il
"Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildi. Bu, 100 ilin tarixinə,
Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik
cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası xalqımızın dövlətçilik
tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev onu
həmişə yüksək dəyərləndirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti ili həm də Azərbaycan Ordusunun 100 illik
yubileyi ilidir.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin
müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü.
Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Bu
işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün
tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində ənənənin bərpası və ondan
düzgün nəticə çıxarılması baxımından elmi və praktiki əhəmiyyətə malikdir.
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu
bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək
ordunun formalaşdırılmasını tələb edirdi. Ordu quruculuğu proqramının həyata
keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra
çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyası dövründə azərbaycanlılar, ümumiyyətlə
müsəlmanlar ordu sıralarına çağrılmırdılar. Lakin ayrı-ayrı azərbaycanlılar, əsasən,
varlı sinfin nümayəndələri, bəy nəslindən olanlar, tək-tək hallarda isə xüsusi
istedadlılar hərbi məktəbləri bitirib zabit kimi çar ordusunda xidmət edirdilər.
Hətta onlardan general rütbəsinə yüksələnlər də olurdu. Çar Rusiyasının hərbi
siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət
mövcud idi. Azərbaycanlılar bə’zi istisnalar nəzərə alınmasa əsasən hərbi
məktəblərə qəbul edilmir, ordu sıralarına çağrılmır, yalnız hərbi vergi verirdilər.
Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah

yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı
atlı polku var idi. 1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz
müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan
büronun təsis edilməsi haqqında qərar qəbul edildi. Musavat partiyasının 1917-ci
ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması
məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5 də Gəncədə keçirilən Qafqaz
müsəlman hərbi qurultayı şəhərə gələn tatar atlı batalyonu bazasında Azərbaycan
korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar
olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi.
Gərgin vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətini ciddi tədbirlər
görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı yarıdan çoxu ermənilərdən
ibarət olan Qafqaz qızıl ordusu tərəfindən gözlənilən təhlükənin qarşısını almaq
üçün hökümət qərbi Azərbaycanda hərbi vəziyyət elan etdi.
Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918-ci ilin may
ayının sonunda Nuru paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana – Gəncəyə
gəldi. Bu vaxt çox saylı bolşevik və daşnak qoşunları Gəncə istiqamətidə hücuma
başladılar. Məqsəd Azərbaycan Demokratik Respublikasının milli ordusunu məhv
etmək və bütün Azərbaycan ərazisini işğal etməkdən ibarət idi. Vəziyyətin
çıxılmaz olduğunu görən təcrübəli hərbçi Nuru paşa üçüncü ordunun komandanı
Vəhib paşaya məktub yazıb, təcili hərbi yardım istədi. Hərbi yardımı
rəsmləşdirmək məqsədi ilə 1918-ci ilin iyun ayının dördündə Batumda
Azərbaycanla Türkiyə arasında bağlanan müqaviləyə əsasən türk qoşunları
Gəncəyə göndərildi. İlk olaraq beşinci Qafqaz diviziyasına daxil olan doqquzuncu
və ikinci suvari alay Azərbaycana yola düşdü, alaylar iyun ayının 15-də Gəncəyə
çatdılar. Beləliklə, beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci,
doqquzuncu və on beşinci çanax qala alayları bazasında Qafqaz islam ordusu
yaradıldı, onun komandanı Nuru paşa tə’yin edildi.
Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan
edildiyi gündən başlanmışdı.Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu
təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin

tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi
nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də
ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin
qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu.
Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri
nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan
Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. Ordu quruculuğu sahəsində irəliləyişə
nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının
əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə
çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi.
Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi
Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi
vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar
ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir
müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və
nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik
edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət
ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi
qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.
1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. 1918-ci ilin sonu –
1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən
dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam
artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il
tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin
edildi. Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət
yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət
barədəMəmməd Əmin Rəsulzadə deyirdi:Türk ordusu çəkildi, Azərbaycanın
hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var
idi. Göründüyü kimi vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu
quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi. Vacib məsələlərdən biri hərbi

nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi tə’sis edilməsə də
bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy
Sultanov icra etmişdir. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil
İ.Ziyadxanov olmuşdur. Nazirlər kabineti oktyabr ayının 23-də hərbi nazirliyin
yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi
və hərbi nazir vəzifəsiFətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının
26-da rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy
Mehmandarov hərbi nazir , həmin ayın 29-da rus general-leytenantı Əliağa
Şixlinski onun müavini, tə’yin edildi. General-leytenant Suleyman Sulkeviç baş
qərargah rəisi tə’yin edildi.
Başlanan ordu quruculuğu və müdafiə tədbirləriNuru paşa və Türk hərbi hissələri
Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü,
planlar hazırlandı. Məşhur hərbiçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət
qazanmış generalƏliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ili
hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25
minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli
ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.
1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli
Azərbaycan körpüsünün komandanı general Əliağa Şixlinski bildirirdi ki, o, yeni
Azərbaycan ordusunun layihəsini hazırlamışdır. Layihədə general ordunun
quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar
hərbçi, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik olan zabitin tə’yin
edilməsini, korpuslar əvəzinə ən’ənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.
Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına
xüsusi diqqət yetirirdi. Azərbaycan ordusunun qanunvericilik bazasını qısa
müddətdə yaratmaq mümkün olmadığı üçün, hərbi nazirin 1919-cu ilin əvvəlində
imzaladığı əmrlə keçmiş Rusiya imperiyasında 1917-ci il yanvar ayının 1-dək
qəbul edilmiş hərbi qanunvericilik aktları, müvəqqəti olaraq, qüvvədə saxlanıldı.
Bura hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini
tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə

təlimatlar və s. daxil idi. Lakin bu qanunvericilik aktlarının Azərbaycanın
müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən
cəhətləri ləğv edilir, həmin məqamlar təkmilləşdirilir və ya yenisi ilə əvəz
olunurdu.
Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə,
ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun
əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə
deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca
salamlaşması- bir sözə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün
zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab
verməlidir "çox sağ ol". Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri
çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi.
Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı
zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca
qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb
olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli
idilər.Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə
fəaliyyətə başlamış milli hərbiyyə (podpraporşiklər) məktəbinin fəaliyyəti yenidən
quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi.
Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədi
ilə Azərbaycan Demokratik Respublikasının parlamenti 9 qanunvericilik aktını
müzakirə etmiş, hərbi nazirliyi kifayət qədər vəsaitlə tə’min etmək üçün müvafiq
qərarlar qəbul etmişdi. Bu xüsusi diqqət onunla əlaqədar indiki ölkədə hərbi baza
zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu
yaradılmalı idi. Ordunu milli zabit kadrları ilə tə’min etmək üçün həbi təhsil
müəssisələrinin yaradılması zəruri idi. Bu məqsədlə1918-ci ilin iyun
ayındaGəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi1919-cu ilin noyabr
ayında hərbi uçilişiyə çevrildi. Uçilişinin üç şö’bəsində — ümumi, topçuluq və
mühəndislik şö’bələrində 250 dinləyici oxuyurdu. 1919-cu ilin sonunda,1920-ci
ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris

müəssisələrində dərs demək üçün mütəxəssislər də’vət edildi.1918-1920-ci illərdə
türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası,
diviziyası yaradıldı.1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada
diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci
Cavanşir, ikinci Zaqatala və üçüncüGəncə polkları daxil idi. İkinci piyada
diviziyasına dördüncüQuba, beşinciBakı və altıncıGöyçay polkları daxil
idi.Şirvan polku bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı.
BirinciTatar, ikinciQarabağ və üçüncüŞəki atlı polkları bazasında kavaleriya
diviziyası yaradıldı.
Azərbaycan ordusunu silah sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin
yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini,
Gəncədə tikiləcək hərbi zavodunun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin
fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon
vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Nəzərdə tutulmuş proqramın həyata
keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası höküməti Antantanın Ali
şurasına memorandum göndərmiş və hərbi zavodun müasir texnologiya ilə tə’min
edilməsini xahiş etmişdi.
Azərbaycan Demokratik Respublikasının qurucularından olan Məmməd Əmin
Rəsulzadə təcrübədən bilirdi ki, ordu dövlətin dayağıdır, onun ərazi birliyinin
tə’minatçısıdır. Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və
məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda
orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad hissələrlə zəhərləmək və onun əli ilə
dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün
Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyətin siyasətləşməsinə,
siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki,
zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri
dövlətlərin mənafeyi baxımından qiymətləndirilməlidirlər. Odur ki, zabitlər və
əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbiçi üçün əzəli partiya
onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız,
siyasətsiz ordunun yaradılmasını məqsədə müvafiq sayırdı. Çünki zabit bir

partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilərlər, beləliklə də
orduda xaos, qarşıdurma yarana bilər.
Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss,
milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri
idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli,
onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş,
vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini
çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və
zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ən’ənələrini əks etdirən kitablarla
tə’min edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait
yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm
vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki,
xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır". Bu
ideya da dövlətin daxili siyasətini əhatə etdiyi bir mətləbin təzahürü idi: "Xalqla
ordu yekdildir". Ardıcıl görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını
yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və
mübarizilik əzmini gücləndirirdi.
Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı
tarixi dərsləri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas
istiqamətlərindən birini təşkil edir. 70 illik kommunist rejimi süquta uğradıqdan
sonra tarixi həqiqət öz yerini tutdu. Müstəqil dövlətimizin etibarlı müdafiə sistemi
quruldu. Hazırda müstəqil Azərbaycan Respublikasının Milli Ordusu Azərbaycan
Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Milli Ordunun şanlı ənənələrini
uğurla davam etdirir.
Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı
təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və
ərazi bütövlüyünün qarantıdır.

Rövşən Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabineti
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı

ƏvvəlkiAzərbaycan Respublikası Prezidentinin Əfv Sərəncamı
NövbətiAZƏRBAYCANÇILIQ: DÖVLƏTİ MİLLƏTÇİLİK İDEYASI