Ceyhun Bayramov: Bəzi Qərb ölkələrində İslam əleyhinə aparılan siyasət ciddi narahatlıq doğurur

Aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, beynəlxalq səviyyədə İslam dininə qarşı təhdidlər, dini həmrəylik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin İslam dünyasında birlik və həmrəyliyin təşviqinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə ikitərəfli, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə qarşılıqlı dəstək və əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Ölkəmiz tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi, o cümlədən islamofobiya kimi təhlükəli tendensiyalarla mübarizə istiqamətində həyata keçirilən layihələrdən bəhs edən nazir Ceyhun Bayramov bəzi Qərb ölkələrində İslam əleyhinə aparılan siyasətin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Baş katib Məhəmməd Əbdülsalam Azərbaycanın İslam dünyasında əməkdaşlığa verdiyi töhfələrin, eləcə də postmünaqişə dövründə sərgilədiyi mövqe və sülh təşəbbüsü ilə çıxış edən tərəf olmasının təqdirəlayiq hesab olunduğunu diqqətə çatdırıb. Ötənilki təcrübəyə uyğun olaraq, bu il də COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə ilə əlaqədar dini liderlər tərəfindən birgə təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiMedianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib