“Bu işlərə görə Sizə “Çox sağ olun!” deyirəm” – PREZİDENTƏ YAZIRLAR

Ötən ilin aprel ayından başlayaraq həyata keçirilən islahatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi elektron poçtuna məktublar gəlir.

“Report” xəbər verir ki, vətəndaşlar bu məktublarda keçirilən çoxtərəfli islahatlarla bağlı minnətdarlıq ifadə edirlər. Həmin məktublardan bir neçəsini təqdim edirik:

Göygöl rayonunun Yeni Qızılca kəndindən Mətanət Cəfərova yazır:

“Hörmətli cənab Prezident,

Əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər insanların yaşayışına öz müsbət təsirini göstərməkdədir. Ünvanlı sosial yardımların təyin olunması, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi, sosial müavinətlərin və təqaüdlərin artırılması dediklərimi bir daha təsdiqləyir. Mən də aztəminatlı ailənin üzvü kimi qeydiyyata alınmışam. Bizim ailəyə baxış keçirildi və sosial yardım təyin olundu.

Əziz Prezidentimiz, bu işlərə görə Sizə “Çox sağ olun!” deyirəm.

Yaşasın dövlətimiz və rəhbərimiz!”.

Bakının Yasamal rayonundan telejurnalist Mahir Məmmədli yazır:

“Hörmətli cənab Prezident,

Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanınıza görə Sizə minnətdarlıq etməyi öz vətəndaşlıq borcum sayıram. Problemli kreditlər minlərlə ailəni narahat edirdi. Sizin humanist addımınızla bu problem həllini tapmış oldu, insanların maliyyə yükü əhəmiyyətli dərəcədə azaldı. Bu Fərman demək olar ki, hər bir ailəyə sevinc bəxş etdi.

2019-cu il başlayandan verdiyiniz humanist, sosialyönümlü qərarlar Sizin siyasətinizdə xalq və vətəndaş amilinin ən öndə dayandığını göstərir.

Cənab Prezident, əminəm ki, Sizin sosial siyasətiniz uğurla davam edəcək, bizi sevindirən böyük addımlarınız bundan sonra da olacaqdır. Bir Azərbaycan vətəndaşı, telejurnalist olaraq Sizə apardığınız sosial siyasətə, xalqa və vətəndaşa verdiyiniz böyük dəyərə görə minnətdaram. Tanrı yardımçınız olsun!”.

Yevlax rayonunun Əxşam kəndindən Ağdam rayonundan məcburi köçkün Osman Xəlilov məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətin artırılmasına Prezidentə təşəkkür edib:

“Hörmətli cənab Prezident,

Hər zaman biz məcburi köçkün ailələrinə böyük diqqət və qayğı göstərdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması barədə Sərəncamınız bu qayğının davamı olaraq biz məcburi köçkün ailələrini çox sevindirdi.

Cənab Prezident, inanırıq ki, Sizin sayənizdə öz doğma el-obamıza qayıtmaq bizə nəsib olacaqdır. Biz o günü səbirsizliklə gözləyirik. Məcburi köçkün ailələrinin qayğısına qaldığınıza görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı arzulayıram”.

Bakının Sabunçu rayonu Nardaran qəsəbəsindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli xalçaçı Sürayə Rzayeva “Azərxalça” ASC-nin Nardaran filialının kollektivi adından yazır ki, filialın yaradılması sakinlərdə ruh yüksəkliyi yaradıb: “Sizin rəhbərliyinizlə son illərdə doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sabunçu rayonunun Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafında, mədəni həyatında da mühüm nailiyyətlər əldə olunub. Biz nardaranlılar Sizin diqqət və qayğınızı daim öz üzərimizdə hiss edirik. Bilirik ki, bizi düşünən, qayğılarımızı, problemlərimizi həll etməyə çalışan, uğurlarımıza sevinən əziz Prezidentimiz var.

Sizin qayğınız nəticəsində qazandığımız ən böyük uğurlardan biri də “Azərxalça” ASC-nin Nardaran filialının yaradılmasıdır. Ötən il Sabunçu rayonunda xalça istehsalı emalatxanasının yaradılması haqqında Sərəncam imzalamağınız rayonumuzun əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Sevinirik ki, bu emalatxana məhz hər evində, hər ailəsində xalçaçılar olan Nardaranda yaradıldı, burada yaşayan xalçaçıların mənəvi, maddi ehtiyacları nəzərə alındı. İndi nardaranlı xalçaçılar işıqlı, geniş, hər cür texniki imkanlara malik, təmiz, səliqəli filial binasında həvəslə işləyirlər. Bu bina bizim evimiz, bizim ən əziz məkanımızdır.

Biz bu günü illərlə gözləmişik, cənab Prezident. Sizin Sərəncamınızla minimum əməkhaqqının artırılması xalçaçıları da ürəkdən sevindirib. Bu, bizə və ailələrimizə böyük köməkdir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Kürdəmirdən Orxan Rüstəmov Prezidentə edilən müraciətə əsasən Pirili, Xınıslı kəndlərini və Karrar qəsəbəsini Bakı-Qazax magistral yolu ilə birləşdirən avtomobil yolundakı problemin aradan qaldırıldığını yazır:

“Hörmətli cənab Prezident.

Müraciətimizə əsasən Kürdəmir rayonunun Pirili, Xınıslı kəndlərini və Karrar qəsəbəsini Bakı-Qazax magistral yolu ilə birləşdirən avtomobil yolunda yaranmış problemin həllinə göstərilən diqqətə görə bu yaşayış məntəqələrinin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Artıq magistrala çıxış yolunun tikintisinə başlanılıb. Əminik ki, bu yol tikildikdən sonra adlarını qeyd etdiyim qəsəbələrin və kəndlərin sakinlərinin işləri asanlaşacaq, güzəranı daha da yaxşılaşacaq.

Möhtərəm cənab Prezident, Allahdan Sizə və ailənizə möhkəm cansağlığı arzulayırıq. Biz həmişə Sizi dəstəkləyir və arxanızda olduğumuzu bildiririk”.

Hacıqabuldan tibb bacısı Vüsalə Xancanova yazır ki, pensiya, müavinət və əməkhaqlarının miqdarı ardıcıl olaraq artırılır, yaşayış şəraiti daha da yaxşılaşır: “Ölkəmizdə əhalinin güzəranının yaxşılaşdırılması Sizin daim diqqətinizdədir. Pensiya, müavinət və əməkhaqlarımızn miqdarı ardıcıl olaraq artırılır, yaşayış şəraitimiz daha da yaxşılaşır.

Uzun illərdir ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirəm. Minimum əməkhaqqının artırılması barədə Sərəncamınızdan sonra əməkhaqqımın miqdarı artıb. Bu bizim ailə büdcəmizə köməkdir.

Cənab Prezident, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu və digər Sərəncamlarınızla Sizi ürəkdən sevən və Sizə güvənən xalqın içində olduğunuzu bir daha sübut etdiniz. Fəaliyyətinizdə daim xalqın güzəranını, rifahını düşündüyünüzə görə Sizə bütün ailə üzvlərimizin səmimi minnətdarlığını bildirirəm”.

Zərdab rayonundan Ruhiyyə Ağayeva yazır ki, əlillərə verilən müavinətin artırılmasını yüksək qiymətləndirir:

“Əzizimiz İlham Heydər oğlu Əliyev.

Mən, Ağayeva Ruhiyyə birinci qrup əliləm. Sizin əlillərə və aztəminatlı ailələrə göstərdiyiniz xüsusi diqqətiniz bizim həyat şəraitimizin yaxşılaşmasına mühüm töhfədir. Əlilliyə görə sosial müavinətin məbləğinin artırılması ilə bağlı Sərəncamınız bir çoxları kimi məni də çox sevindirdi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mənim əziz Prezidentim, ayaqlarım iflicdir. Amma yaşamaq həvəsim böyükdür. Hər gün televiziyada Sizi izləyirəm, Sizin təbəssümlü simanızı görəndə həmişə qürurlanıram, Sizinlə fəxr edirəm. Allah Sizə möhkəm cansağlığı versin. Sizə daim dualar edirəm. Dövlətimiz üçün etdiyiniz bütün işlərə görə sonsuz təşəkkürümü bildirməyi özümə borc bildim.

Çox sağ olun, cənab Prezident”.

Xocavənd rayonunun Xocavənd qəsəbə sakini Ələddin Quliyev yazır ki, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət başçısının diqqət mərkəzindədir: “

“Hörmətli cənab Prezident.

Biz müharibə veteranları Sizin diqqət və qayğınızı daim öz üzərimizdə hiss edirik. Əhalinin rifah halının yüksəldilməsi ilə əlaqədar fevral ayında ard-arda verdiyiniz fərman və sərəncamlar vətəndaşların sevincinə səbəb oldu. İnanıram ki, bütün bunlar vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşmasına gətirib çıxaracaqdır.

Sizin sərəncamınızla şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin də təqaüdü artırıldı, müharibə veteranlarına yeni təqaüd təsis edildi. Bu, bir daha göstərir ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlətimizin başçısının diqqət mərkəzindədir.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Xocavəndlilər həmişə Sizinlədirlər. Biz Sizin bir əmrinizlə torpaqlarımızı yağı düşməndən azad etməyə hər an hazırıq”.

ƏvvəlkiKibertəhlükəsizlik həlləri üzrə beynəlxalq seminar öz işinə başlayıb
NövbətiElmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib