Bu gün futbol üzrə Azərbaycan çempionu müəyyənləşəcək

Mayın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, sonuncu – 28-ci turun görüşlərinin nəticələrinə əsasən çempion və digər mükafatçılar müəyyənləşəcək.

Günün ilk üç matçı eyni vaxtda başlayacaq. Mövsümə çempionluq uğrunda mübarizə aparan iki komanda “Neftçi” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Bürünc medala iddialı “Sumqayıt” klubu “Səbail”in qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi 36 xalla dördüncü pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda üçüncü yerdəki “Zirə”dən iki xal geridədir. “Səbail” isə 24 xalla yeddincidir.

Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Bu görüşlərin altısında qonaqlar, beşində paytaxt klubu qələbə qazanıb. Top fərqində də “Sumqayıt” üstündür – 14:12. Rəqiblər arasındakı son altı matçda ən azı iki qol vurulub. “Gənclik şəhəri” təmsilçisi son dörd oyunda meydanı qolsuz tərk etməyib.

Bürünc medallara iddialı olan digər komanda “Zirə” səfərdə “Sabah” ilə qarşılaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda hazırda 38 xalla üçüncü sıradadır. “Sabah” isə 26 xalla beşincidir. “Zirə” avrokuboklara vəsiqə verən üçüncü pillədəki yerini qorumaq üçün bu oyunda qalib gəlməlidir. “Qartallar”ın xal itirəcəkləri təqdirdə “Sumqayıt”ın qazana biləcəyi qələbə onun üçüncü yeri tutmasını təmin edəcək.

Digər matçda Premyer Liqanın autsayderi “Keşlə” klubu “Qəbələ”ni qəbul edəcək. Əyalət təmsilçisi 26 xalla altıncı, paytaxt klubu ilə 23 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb. Bu oyun sonuncu pillənin sahibinin adına aydınlıq gətirmək baxımından önəmlidir.

Əvvəlki 50 qarşılaşmanın 18-də “Keşlə”, 14-də isə “Qəbələ” qələbə qazanıb. Top fərqində də meydan sahibləri aşkar üstündürlər – 65:50. “Qəbələ” son 6 qarşılaşmada yalnız bir dəfə qalib gəlib.

Nəhayət, günün əsas oyununda “Neftçi” komandası “Qarabağ”la üz-üzə gələcək. Paytaxt təmsilçisi sonuncu tura qədər 56, Ağdam klubu isə 57 xal toplaya bilib. Flaqman çempionluq üçün mütləq qələbə qazanmalıdır, “köhlən atlar”a isə heç-heçə də sərf edir.

Əzəli rəqiblər indiyədək ölkə çempionatlarında 82 dəfə üz-üzə gəliblər. Bunların 30-da “Qarabağ”, 22-də isə “Neftçi” qələbə qazanıb. Topların fərqində də əyalət təmsilçisisinin üslünlüyü var – 92:75. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son üç oyunda rəqibinə qol vurub. “Neftçi” isə son üç səfər matçında uduzmayıb.

Qeyd edək ki, “Səbail” – “Sumqayıt”, “Sabah” – “Zirə” və “Keşlə” – “Qəbələ” oyunları 18:00-da başlayacaq. Çempionun müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” görüşü isə saat 20:30-da start götürəcək.

ƏvvəlkiAzərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb
NövbətiAzərbaycan bu il Gürcüstandan 10 mindən çox avtomobil idxal edib