Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından 20 il ötür

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edən meşəbərpa tədbirləri

Son illər Bakıda və bölgələrdə həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

2019-cu il ölkəmizdə genişmiqyaslı ağacəkmə aksiyasının keçirilməsi ilə də yadda qalıb. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da respublikanın bütün bölgələrində dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağac əkilib. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10 min 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.

Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

2020-ci ildə meşə fondu sahələrindən 51 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşüb.

Builki yaz ağac əkini mövsümü öz məxsusiliyi ilə seçilir. Çünki bu il mövsümə işğaldan azad edilmiş Zəngilan rayonundan start verilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyasının gedişatında yaz ağacəkmə dövründə dövlət qurumları, özəl şirkətlər, media təmsilçiləri, könüllülər və vətəndaş cəmiyyəti nümayəndələri xüsusi fəallıq göstərib: “İctimaiyyətin və tərəfdaşlarımızın dəstəyi ilə bu yaz mövsümündə respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox toxum səpilib. Eyni zamanda, vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara nazirliyin tinglik sahələrində yetişdirilən 121 mindən çox müxtəlifcinsli ağac tingi paylanılıb. Ötən illərlə müqayisədə builki yaz ağacəkmə kampaniyasında ictimaiyyətin dəstəyini daha çox hiss etdik”.

Xidmət rəsmisi onu da vurğulayıb ki, ağacəkmə tədbirləri bütün regionlarda payız mövsümündə də davam etdiriləcək. İlin sonunadək 1 milyondan çox ağacın əkilməsi nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə monitorinqlər aparılır

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, düşmən əsarətindən azad edilən torpaqlarımızda işğala qədər 260,3 min hektar ərazidə meşə fondu var idi. Onun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü idi: “İlkin aparılmış monitorinqlər nəticəsində və kosmosdan əldə edilmiş fotolara əsasən müəyyənləşdirilib ki, 54 min hektar ərazi tamamilə məhv edilib. Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə yerləşirdi. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da, yaşıllıq ərazilər olub. Vandalizmin miqyası çox dəhşətlidir. Dünya ölkələrinin bir neçəsinin meşə ehtiyatını bir yerə yığsaq, yenə də həmin rəqəmlərdən az olur. Ölkə başçısının elan etdiyi kimi “Böyük qayıdış”dan irəli gələrək planlarımız var. Həmin əraziləri yenidən bərpa edəcəyik. Ötən il işğaldan azad edilən kimi həmin ərazilərin yaşıllaşdırılmasına başlanılıb. Sevindirici haldır ki, bu il yaz əkin mövsümünün ilkini elə işğaldan azad olunmuş ərazilərdən birində – Zəngilanda başladıq. Azad edilmiş torpaqlarımız işğalda olarkən erməni terrorçuları tərəfindən minalandığından hələ ki, orada kütləvi tədbirlər keçirilmir. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparırlar. Ərazilər təmizləndikcə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək. Həmin ərazilərdə oranın təbiətinə uyğun ağac növləri əkiləcək. Əsasən meşəcinsli ağaclara üstünlük veriləcək. Gələcəkdə isə orada tinglik təsərrüfatlarının da yaradılması nəzərdə tutulur ki, təbiətimizə dəymiş ziyanı zaman-zaman bərpa edilsin. Bu qısa müddətdə olan məsələ deyil, uzun zaman lazım olacaq. Bununla yanaşı, dəymiş ziyan monitorinqlər keçirilərək öyrənilir. Bu məsələ beynəlxalq qurumlar qarşısında qaldırılacaq. Bildiyimiz kimi Azərbaycan 20-yə yaxın Konvensiyanın tam hüquqlu üzvüdür. Həmin konvensiyaların nümayəndələri ölkəmizə gələcək və işğaldan azad edilmiş ərazilərdə birgə monitorinqlər keçiriləcək. Onlar erməni vandallarının 30 il ərzində bizim təbiətimizə nə qədər ziyan vurduqlarının şahidi olacaqlar. Biz o əraziləri yenidən dilbər guşələrə çevirəcək, həmin torpaqların əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya bir daha sübut edəcəyik.

Azərbaycan azsulu ölkələrdən biridir. Ölkəmizin suya olan tələbatının 70 faizi kənardan formalaşır. Respublikamızın su ehtiyatının çox hissəsi azad edilmiş ərazilərdədir. Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı monitorinqlər gedir. Mənfur qonşularımız transsərhəd çaylar və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiyaların üzvü deyil və heç bir məsuliyyət daşımırlar. Onlar üzv olduqları konvensiyaların da şərtlərinə riayət etmirlər. Onlar mənfur xislətlərindən qalmadan təbiətimizi və çaylarımızı çirkləndirirlər. Bununla bağlı monitorinqlər gedir, ilkin araşdırmaların nəticələri də var. Beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Nazir müavini bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində müharibə dövründə qadağan olunmuş̧ silahların torpağa vurduğu ziyanla da bağlı araşdırmalar davam etdirilir: “Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan Qərargahın işçi qruplarından biri də ekologiya məsələlər ilə bağlıdır. İşçi qrupunun tədbirlər planında həmin məsələ öz əksini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu bu məsələ ilə bağlı müvafiq monitorinqlər keçirirlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlərinə görə, 1993-cü ilə qədər Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına salınıb və rəsmi rəqəm statusu alıb. Onlardan 141-i bərk filiz və qeyri-filiz və tikinti materialları, 26-sı yeraltı içməli şirin su və termal yataqlarıdır, o cümlədən həmin yataqların 16-sı yeraltı içməli su, 10-u isə termal-mineral sular kateqoriyasına daxildir.

O qeyd edib ki, erməni işğalçıları yeraltı mineral xammal ehtiyatlarına ciddi ziyan vurub: “Regionda 4 iri yataq – Kəlbəcərdəki Söyüdlü, Qızılbulaq qızıl yataqları, Tərtərdəki Dəmirli və Zəngilandakı Vejnəli yataqları ciddi şəkildə istismar edilib və ətraf ərazilərə çox böyük ekoloji ziyan vurulub. Ən acınacaqlı və təəssüfedici faktlardan biri də odur ki, bu işdə erməni işğalçılarına xarici şirkətlər və investorlar yaxından kömək ediblər. Hazırda həmin regionda yaradılmış komissiya və komendaturanın tərkibində fəaliyyət göstərən mütəxəssislər hər bir yatağın ayrı-ayrılıqda monitorinq və diaqnostikasının həyata keçirilməsi və vurulan ziyanın hesablanması istiqamətində ilkin işlərə başlayıblar. Yerli və xarici mütəxəssislərin iştirakı ilə hesabatlar hazırlanacaq və ziyanın həcmi müəyyənləşdiriləcək. Kəlbəcər, Füzuli və Şuşadakı bir sıra yataqlarda monitorinqlər keçirilib və erməni işğalçılarının törətdikləri talan və qanunsuz fəaliyyət aşkarlanıb. Proses davam edir və nəticədə son dəqiq məlumatlar əsasında ehtiyatların qalığı müəyyənləşdiriləcək və yeni perspektivlər proqnozlaşdırılacaq. Həmçinin regionda yeraltı faydalı qazıntı yataqları, şirin və termal-mineral suların yeni perspektivləri üzrə təkliflər hazırlanacaq”.

İşğaldan azad olunmuş torpaqlarımızda yeni xüsusi
mühafizə olunan təbiət əraziləri yaradılacaq

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə – milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir.

Cənubi Qafqaz regionunda ilk biosfer rezervatı Azərbaycanda yaradılacaq. Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

Planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası formalaşdırılacaq. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Hirkan meşələri üçün nominasiya sənədi və geopark statusu veriləcək vulkanlarla bağlı təkliflər paketi hazırlanır.

İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur – Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır – Daşaltı, Laçın, Qubadlı, Arazboyu. 30 ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.

İyirmi il ərzində nazirliyin ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ötən il rəşadətli Ordumuzun yağılardan təmizlədiyi doğma Qarabağda görüləcək işlər isə həddən ziyadə çoxdur. Bu gün peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin növbəti illərdə də uğurlu fəaliyyətini davam etdirəcəyinə və düşmən tapdağından qurtarılmış torpaqları yenidən dilbər guşələrə çevirəcəyinə inanırıq.

ƏvvəlkiTeledərslərin mayın 24-nə olan cədvəli açıqlanıb
NövbətiHəsrət Cəfərov Avropa üçüncüsü oldu