BÖYÜK TÜRK BİRLİYİNƏ DOĞRU!

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü mühüm mesajlarla tarixə həkk olundu. İclas həm də rəmzi xarakter daşıyırdı, o baxımdan ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edirdi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü tarixi baxımdan əlamətdar ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bütün əsas türk dövlətlərinin başçıları bu zirvə görüşündə təmsil olunurular.Uzun müddət fasilədən sonra Özbəkistan bu təşkilata tam hüquqlu üzv kimi daxil oldu.

Bakının  evsahibliyi etdiyi Türk Şurasının VII Zirvə görüşü Azərbaycana, eləcə də ümumən türk dünyasına isti münasibəti ilə seçilən Macarıstanın da təmsil olunması ilə yadda qaldı.  Sözsüz ki, burada diplomatik əlaqələrlə yanaşı,  tarixən böyük Atillanın başçılığı altında hunların Avropaya yürüşü dalğasında türklərlə  qaynayıb qarışmış  macarların  türk xalqlarına rəğbəti və tarixi əlaqələrin də mühüm rol oynaması danılmazdır.

AZƏRBAYCAN: TÜRK BİRLİYİNİN ÜRƏYİ

Azərbaycan Prezidenti İlham Əliyevin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında yeni dünya düzənində Türk Dünyasının inteqrasiyasının əsas istiqamətlərini sadalamışdır.

“… Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. … Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək”.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

TÜRK DÜNYASI BAŞÇILARINDAN ÖNƏMLİ FİKİRLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə önəmli mesajlar verdi. O, qeyd etdi ki, “Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm…

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir.

Zirvə Görüşümüzün xeyirli olmasını diləyir, Sizin vasitənizlə türk dünyasındakı bütün qardaşlarıma buradan salam və sevgilərimi göndərir, Türkmənistanın iştirakı ilə də, bəli, altı dövlət – bir millət olmağı arzu edirik”.

Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Türk Birliyi üçün mühüm məsələlərə toxunub. O bildirib: “Bizim təkcə dilimiz deyil, həm də tariximiz, mədəniyyətimiz, dünyagörüşümüz və ənənələrimiz də eyni mənbədən qidalanır. Buna əsaslanaraq türk inteqrasiyasının uğuru təkcə bizim ailələrimiz üçün deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir. XXI əsr bizə belə imkan verir və bundan tam istifadə etmək lazımdır. Həm də hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltmək olar. Beləliklə, əgər bizim Şuramız təşkilata çevrilsə, bizim qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq”.

Xüsusi marağı Macarıstanın baş naziri Viktor Orbanın çıxışı kəsb etdi. Onun çıxışında bir məqamı xüsusilə göstərmək lazımdır. O bildirdi: “Mən qıpçaqların böyük dostu Qazaxıstanın birinci Prezidenti Nazarbayevi ali mükafat alması münasibətilə təbrik etmək istəyirəm. Burada iştirak edənlərin heç də hamısı bəlkə də bilmir ki, Macarıstanda qıpçaqlar yaşayır və macarların çoxunun damarlarında qıpçaq qanı axır. Onların hətta öz bələdiyyəsi, özünüidarə orqanları da var. Cənab Prezident Nazarbayev macar qıpçaqlarının fəxri prezidentidir. Hər il qıpçaqlar iclas keçirəndə biz onu Macarıstandan salamlayırıq”.

BİZİM BİRLİYİMİZƏ DOĞRU BÖYÜK ADDIM

Tarix boyu türk xaqanları böyük bir coğrafi arealda yaşayan türk xalqlarını birləşdirmək istiqamətində böyük işlər görmüşlər. Alparslan Səlcuqun ərəb xəlifəsinə məşhur məktubunda belə bir sözlər vardı: “Mən dünya xalqlarına hökmranlıq edən hunların nəslindənəm”. Əmir Teymurun “Türküstanın əmiri” kimi tarixə düşməsi də məlum faktdır.

Böyük Hun xaqanlığı, Göktürk xaqanlığı, Səlcuq, Qızıl Orda xaqanlıqları və d.  öz hakimiyyətləri altında türk xalqlarının böyük bir hissəsini birləşdirmiş, türk xalqlarını dünyaya hakim və yaradıcı soy kimi tanıtmışlar. SSRİ adlı anti-türk imperiyası dağıldıqdan sonra azad olmuş türk toplumları yenidən birliyə can atmağa başlamışlar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşü bir daha göstərdi ki, düşmənlərimizin bütün səylərinə baxmayaraq Türk Birliyinə doğru Türk xalqlarının hərəkatının qarşısı alınmazdır!

Sevda Elay (Əskərova)

“Millətçilik” qəzeti

Əvvəlki“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Minsk” zavodunda olub
Növbəti“Tomiris” filminə hücumlar başladı…