Bişkekdə türk dövlətlərinin elmi simpoziumu keçirilib

Türk Dövlətlərinin Müstəqilliyinin 30 illiyi, Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının 100 illiyi və Qırğızıstan-Türkiyə Manas Universitetinin 25 illiyi münasibətilə Bişkekdə Türk Dövlətlərinin elmi simpoziumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, dünyanın və Qırğızıstanın 16 universitetindən gələn alimlər, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Qırğızıstan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türk Dövlətlərinin Müstəqilliyinin 30 illiyi, Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının 100 illiyi ilə bağlı müzakirələr aparılıb, Qırğızıstan-Türkiyə Manas Universitetinin fəaliyyəti haqqında söhbət açılıb.

Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumlar Şurasının sədri Fahrettin Altunun videomüraciəti iştirakçılara təqdim olunub.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Camankulov bütün türk xalqlarının eyni kökə, tarixə, mədəniyyətə, dilə, dinə, adət-ənənələrə bağlı olduğunu vurğulayaraq gələcəyimiz olan gənclərin hərtərəfli inkişafına önəm vermənin əhəmiyyətini vurğulayıb.

Manas Universitetinin rektoru Alparslan Ceylanın bu işdə böyük əməyi olduğunu vurğulayan A. Camankulov A.Ceylana hökumət adından medal və sertifikat təqdim edib.

Lətif Qəndilov türk dünyasının birliyi üçün belə bir tədbirin təşkilinə görə minnətdarlıq edib.

Səfir 30 il Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsindən danışıb, qələbənin qazanılmasında Türkiyənin siyasi və mənəvi dəstəyinin böyük rol oynadığını vurğulayıb. O, türk dövlətlərinin coğrafiyasında sülhün, sabitliyin və birliyin təmin edilməsi üçün region ölkələri ilə etibarlı və sabit əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Azərbaycan səfiri onu da bildirib ki, kökümüzə güvənmədən bir-birimizi yaxşı tanıya bilmərik. Gənclərimiz ”Manas” dastanını da, digər türk dastanlarını da, Mehmet Akif Ersoyu, Çingiz Aytmatovu, Əlişir Nəvaini, Nizami Gəncəvini, Fərabini, Abayı, Məhdimqulunu, İbn Sinanı, Yunus Əmrəni, Əhməd Yasəvini, Mahmud Qaşqarini və digər fikir aydınlarını tanımalıdır.

Sonra qonaqlara qırğız milli geyimləri təqdim olunub.

ƏvvəlkiPrezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 648 yoluxma faktı qeydə alınıb