BİLƏCƏRİ STANSİYASI – 135

Respublika polad magistralının yaranışı XIX-cu əsrin ikinci yarısına təsadüf etsə də, iqtisadi və siyasi tariximizin çox zəngin səhifələrini təşkil edir. Əvvəla onu deyək ki, çar Rusiyasının Azərbaycanda dəmir yolu nəqliyyatını inşa etmək niyyətlərinin arxasında böyük maraqlar dayanırdı. Həmin illərdə – yəni 1870-ci illərdən sonra Bakıda kustar üsullarla olsa da, neft çıxarılırdı ki, bu da Rusiya iqtisadiyyatının inkişafı üçün çox əhəmiyyətli idi. Doğrudur, 1860-cı illərdə Gədəbəydə qızıl mədəninə məxsus olan ensiz dəmir yolu xətti fəaliyyət göstərirdi. Amma, bunun alman iş adamlarına məxsus olması rusların maraqlarına xidmət etmirdi.

Nəhayət 1880-ci il yanvar ayının 20-də 20 kilometrlik Bakı-Sabunçu-Suraxanı dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanda dəmir yolu nəqliyyatının formalaşmasının əsasını təşkil etdi. 1883-cü ildə Bakı-Tiflis , 1900-cu ildə Bakı-Dərbənd xəttinin reallığa qovuşması Rusiyanın regiondakı iqtisadi maraqlarını kifayət qədər zənginləşdirmiş oldu.

Yarandığı ilk illərdən Azərbaycan dəmir yollarının əsas yükünü öz çiyinlərində daşımış Biləcəri stansiyasının nəqliyyat tariximizdə böyük xidməti və yeri var. Keçmiş İttifaq miqyasında ən böyük çeşidləmə stansiyalarından olan bu müəssisədə nəsillərin illərlə tarixləşdirdiyi bir zəfər salnaməsi yaşanıb. Bu il 135 yaşı tamam olan stansiyada ənənəvi iş prinsipi indi də qorunub saxlanılır.

1900-cu ildə Biləcəridən birbaşa Dərbəndə qədər çəkilən 231 km-lik dəmir yolu xətti ilə ilkin olaraq sutkada 4 qatar hərəkətə buraxılıb və  sonrakı illərdə bu iş artan xətt üzrə davam etdirilib. 1917-ci il Rusiya inqilabına qədər olan sənədlərdə stansiyanın parkının 30 yoldan ibarət olduğu qeyd olunur. Deməli bu, həmin illərdə Azərbaycandan şimala göndərilən yükün miqdarının xeyli artmasının göstəricisidir. Məsələn, 1913-cü ildə Biləcəri stansiyasından şimala göndərilən yükün miqdarı 2388-ton təşkil etmişdir ki, bunun da 45 faizi neft məhsulları olmuşdur. Böyük Vətən Müharibəsi (1941-1945 illər) dövründə dövlət qarşısında əvəzsiz xidmətlər göstərən dəmir yolunda, o cümlədən də Biləcəri stansiyasında böyük əməli işlərə imza atılıb. Həmin vaxt Biləcəri stansiyasında yolların ümumi sayı 48-ə çatdırılıb və bununla da həm şimala, həm də qərb istiqamətinə qatarların göndərilməsinə geniş şərait yaradılıb. Nəhayət 1952-ci ildə stansiyanın elektrikləşdirilməsinə uyğun olaraq yolların sayı 52-ə çatdırılmaqla, 1965-ci ildə stansiyada yoldəyişənlərin elektrik mərkəzləşdirilməsinə keçirilməsi ilə əl əməyinin yüngülləşməsinə və işin vahid mərkəzdən idarə edilməsinə şərait yaradılıb.

Biləcəri stansiyası keçmiş SSRİ-ə məxsus olan dəmir yolu nəqliyyatında ən nüfuzlu müəssisələr kimi tanınıb və şərəfli bir fəaliyyət yolu keçib. Həmin dövrdə bu müəssisənin kollektivi ölkə rəhbərliyi tərəfindən 1960-1966-cı illərdə 7 il ardıcıl,1972-1976-cı illərdə 5 il ardıcıl, 1981-1987-ci illərdə 7 il ardıcıl, yüksək əmək nəaliyyətlərinə nail olmaqla 3 dəfə Keçici Qırmızı Bayraqla mükafatlandırılıb.

Hazırda gənc və formalaşmış mütəxəssislər tərəfindən idarə edilən müəssisədə uzun illərin təcrübəsi hesabına ənənvi xarakter almış iş prinsipi uğurla davam etdirilir. 135-illik tarixi olan bu kollektiv qazandığı tarixi uğurlara görə ən böyük alqışa layiqdir.

Əvvəlki“Azərbaycan Dəmir Yolları”Nın Yeni Idman Zalı Istifadəyə Verilib
NövbətiHakurka türk bayrağı sancıldı – Foto