Beynəlxalq Enerji Xartiyasına dair məsləhətləşmələrdə Azərbaycan da iştirak edir

Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekspertləri Beynəlxalq Enerji Xartiyasının təkmilləşdirilməsinə dair çoxtərəfli məsləhətləşmələrdə iştirak edəcək.

“Report” xəbər verir ki, 19-22 aprel tarixlərində Brüsseldə məsləhətləşmələrin 12-ci raundu keçiriləcək. Məşvərət Beynəlxalq Enerji Xartiyasına dair iyun ayında keçiriləcək yüksək səviyyəli konfrans ərəfəsində sənədi modernləşdirmək məqsədi daşıyır.

“Aprel ayında keçiriləcək əyani görüşdə Azərbaycan da daxil olmaqla 50 ölkənin nümayəndə heyətləri iştirak edir. Məşvərətin gündəliyində karbohidrogen layihələrinə yatırılan sərmayələrin qorunması, karbohidrogenlərin tranziti – tranzit öhdəlikləri, bununla bağlı infrastrukturdan istifadə məsələləri durur”, – deyə Brüsselə yola düşməzdən əvvəl nümayəndə heyətinin üzvü “Report”a bildirib.

Qeyd edək ki, əvvəlki görüşlər hər ay videoformatda keçirilirdi. Beynəlxalq Enerji Xartiyasının təkmilləşdirilməsinə dair bu il işçi qruplar səviyyəsində keçirilmiş məsləhətləşmələrdə enerji daşıyıcılarının mübadiləsi zamanı güzəştlərin tətbiqi və ləğvi, bərabər və ədalətli dövriyyə, tariflər məsələləri müzakirə olunub, əlverişli rejim və “enerji sektorunda iqtisad fəaliyyəti” məfhumları dəqiqləşdirilib.

İyun ayındakı zirvə görüşü ərəfəsində məsləhətləşmələrin son mərhələsi 17-20 may tarixlərində keçiriləcək.

Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən əməkdaşlıq edən Azərbaycan 2019-cu ildə “Haaqa II sənədi”ni imzalamaqla bu sənədə rəsmən qoşulub. Bu addım yanacaq-enerji sektorunun müasir beynəlxalq standartlar səviyyəsində inkişafı məqsədilə müvafiq qanunvericilik və prosedurların uyğunlaşdırmaq üçün vacibdir.

ƏvvəlkiDini qurumlara maliyyə yardımı ayrılıb
Növbəti“Qarabağ Azərbaycandır!” adlı musiqili gecə təşkil olunub