Beynəlxalq banklar Azərbaycanda yol layihələrini qiymətləndirə bilər

Asiya İnkişaf Bankı (ADB) Masallı-Astara avtomobil yolunun (58,6 km, M3 magistralının bir hissəsi) yenidən qurulması layihəsinin ölkədəki sosial-iqtisadi vəziyyətə təsirini məqbul olaraq dəyərləndirib.

“Report” ADB-yə istinadən xəbər verir ki, sözügedən yol qonşu ölkələrlə ticarət dövriyyəsini 2006-cı ildəki 2,2 milyard ABŞ dollarından 2020-ci ildə 2,5 milyard ABŞ dollarınadək çatdırılmasına dəstək verəcəyi gözlənilsə, həmin dövriyyənin həcmi hələ 2018-ci ildə 3,6 milyard ABŞ dollarına çatmışdı. Layihənin iqtisadi inkişafa, sahibkarlıq və məşğulluq imkanlarının artmasına rəvac verdiyi qeyd olunur.

Bununla belə layihənin verdiyi səmərənin bütöv şəkildə 2021-ci ildə, yəni Bakıdan Rusiya sərhədinədək inşa edilən magistral yolun (Şimal-Cənub dəhlizinin başqa bir hissəsi) hazır olmasından bir il sonra üzə çıxacağı bildirilir: “Layihənin yekun dəyərləndirilməsi 2025-ci ildə, yəni ölkənin yol şəbəkəsinin inkişafı layihəsi çərçivəsində ikinci multi-tranş maliyəsinin (MFF) başa çatmasından beş il sonra aparıla bilər. Bununla da layihənin həmçinin M2 (Bakı-Gürcüstan sərhədi) və M3 magistral yollarının əsas hissələrinə təsirini də öyrənmək olar”.

Hesabat müəlliflərinin fikrincə, həmin dəyərləndirmə işləri Gəncə-Qazax yolunun yenidən qurulması layihəsinə maliyyə dəstəyi göstərmiş Dünya Bankı, habelə Yevlax – Gəncə yolunun yenidən qurulmasını dəstəkləmiş İslam İnkişaf Bankı ilə birgə görülə bilər.

ADB-nin qənaətincə, Masallı-Astara yolu layihəsinin icrası nəticəsində 2017-ci ildə yükdaşımaların həcmi hədəflənən 10 faizə qarşı 116 faiz, sərnişin daşımaları 5 faizə qarşı 128 faiz, büdcə məsrəfləri texniki xidmət xərclərinin artması nəticəsində 100 milyon ABŞ dollarından 151 milyon ABŞ dollarınadək artıb, qəzaların sayı isə 2 faizə qarşı 30 faiz azalıb.

Eyni zamanda yolun iqtisadi daxili mənfəət səviyyəsi (EİRR) də əvvəlcədən nəzərdə tutulan 12,8 faizə qarşı tamamlama zamanı 3,8 faiz səviyyəsində dəyərləndirilib. Bunun səbəbi kimi də layihənin əslində gözləniləndən 60 faiz baha başa gəlməsi, gündəlik avtomobil sayının isə 50 faizədək az olması göstərilir.

Xatırladaq ki, 28 sentyabr 2007-ci il tarixində ADB Masallı-Astara yolunun yenidən qurulması üçün multi-tranş maliyyə (MFF) planını təsdiq edib. Bu çərçivədə Masallı-Astara yolunun yenidən qurulması layihəsinin ümumi dəyəri ilkin olaraq 249 milyon ABŞ dolları həcmində qiymətləndirildi ki, bunun 200 milyonluq hissəsi ADB-nin krediti hesabına, qalan hissəsi hökumətin vəsaiti hesabına maliyyələşdirəcəkdi. ADB-nin hesabatına görə, layihə başa çatarkən dəyəri 216,3 milyon ABŞ dolları təşkil etmişdi ki, bunun 182,9 milyonu ADB kreditlərinin, 33,4 milyonu də hökumətin payına düşür.

Qeyd edək ki, sözügedən layihə Masallı-Astara yolunun 59 kilometrlik hissəsinin başqa istiqamətdən inşasını, yolboyu 4 ədəd nəqliyyat vasitələri tərəzisinin qurulmasını və dayanacaqların təşkilini, yola qulluq avadanlığının gətirilməsini, ətraf ərazilərdə 120 kilomertədək yerli yolların əsaslı təmirini, yol şəbəkəsinin idarəetməsini gücləndirmək üçün tədbirləri ehtiva edir.

ƏvvəlkiAtəşkəs rejimi 57 dəfə pozulub
NövbətiDYP sürücülərə müraciət etdi