BALAKƏN RAYONUNDA AŞKAR EDİLMİŞ ALBAN KİLSƏSİNDƏ ARXEOLOJİ TƏDQİQATLAR

2017-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi” ekspedisiyasının rəhbəri, İnstitutun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən Balakən rayonu Tülü kəndi ərazisində yerləşən, inventar nömrəsi 4149 olan, yerli əhəmiyyətli türbənin Qafqaz Albaniyası xristian abidəsinə məxsus zəng qülləsi olduğu müəyyən edilmişdi.

2018-ci il iyul ayının 02-dən 31-dək qeyd edilən ekspedisiya Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyətyanı sahəsində yerləşən ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji qazıntı işlərini davam etdirdi.

Aparılan arxeoloji tədqiqat kilsənin ibadət zalında, tədqiqatı ötən il yarımçıq qalmış hissəsində davam etdirilmişdi. Burada bişmiş kərpiclərlə döşənmiş ibadət zalı tam tədqiq olundu. Altar hissədə alban xaç altlığının yeri müəyyən edildi.

Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizləndi. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri — zəng qülləsinin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerləri aşkar olundu.

Cari tədqiqat mövsümündə kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılmış tədqiqatlar nəticəsində müəyyən edildi ki, şimal giriş qapısı dörd sütun üzərində inşa edilmiş və bişmiş kərpiclərdən döşənmişdi. Tədqiqatlar zamanı aşkar edilmiş döşəmənin üç yerdən şərq–qərb istiqamətində söküldüyü müəyyənləşmişdi.

Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd isə, torpaq qəbir abidəsinin olduğu müəyyən edildi. Daş qutu qəbirlərdə təkrar dəfn izləri aşkar edilib. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinmiş, ikinci sarkofaqda birinci skeletin qalıqlarının ikincinin ayaq hissəsinə toplandığı aydınlaşdı. Üç qəbirdən aşkar olunan 5 skelet antropoloji tədqiqatların aparılması ilə əlaqədar müvafiq laboratoriyaya təqdim edilib.

Ümumilikdə, 300 kv m ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinmişdi. İki il davam edən tədqiqatlar nəticəsində abidənin memarlıq quruluşu 70 faiz müəyyən edilib. Gələcəkdə abidədə və onun ətrafında mövcud olmuş həyat şəraitinin canlandırılması istiqamətində kompleks tədqiqatın aparılması nəzərdə tutulur.

Tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun bildirdiyinə görə, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar, bir daha xalqımızın zəngin maddi mədəniyyətinə olan əsassız iddiaların kökündə heç bir elmi əsasın olmadığını sübut etməkdədir.  

 

Əvvəlki“Azerspace-2” peyki orbitə buraxılması üçün Kuru kosmodromuna gətirilib
NövbətiQəbələnin ən qədim abidəsində arxeoloji qazıntılar aparılmışdır