Bakıda oteldə baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyi Bakıda oteldə baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən “Report”a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Mont Inn Hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

ƏvvəlkiPrezident İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid Münxendə görüşüblər
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib