Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans başa çatıb

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans martın 9-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, konfransın sonuncu sessiyası “Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət” mövzusuna həsr olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Britaniya Müsəlman Şurasının baş katibi Zara Mohammed bu ölkədə yaşayan müsəlmanların islamofobiyaya məruz qaldıqlarını, bu mənfi tendensiyalara qarşı birləşmək və müqavimət göstərmək lazım olduğunu qeyd edib.

İndoneziya Universitetinin professoru Zora Arfina çıxışında bu gün İslamla bağlı damğaların xüsusi diqqət çəkməsinin danılmaz fakt olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hazırda məkan amili islamofobiyanın təhlilində mühüm məsələyə çevrilib. Burada kənar və daxili islamofobiya amilləri var. Daxili islamofobiya özlüyündə də müəyyən tənqidlərə məruz qalır.

Z.Arfina Qərb mediasında bu məsələnin fərqli şəkildə qələmə verildiyini, insanların barbar və ya digər sözlərlə təsvir edildiyini, müsəlman qadınların zorakılığa məruz qaldıqları barədə məlumatların yayıldığını qeyd edib.

İndoneziyanın “Nahdlatul Ulama” Cəmiyyətinin İdarə Heyətinin üzvü Umniati İsmail təmsil etdiyi ölkədə alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı yeni fikirlərin formalaşmaqda olduğunu qeyd edib. “Əlbəttə, burada alimlərin və cəmiyyətlərin üzərinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsiplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə çağırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir”, – deyə o qeyd edib.

Böyük Britaniyanın Montfort Universitetinin siyasət üzrə baş müəllimi Amina Easat Daas Qərb ölkələrində müsəlman qadınların zorakılığa məruz qalanlar, kişiləri isə barbar kimi qələmə verildiyini vurğulayıb. Fransız müstəmləkə kontekstində müsəlman qadınların qarşılaşdıqları çətinliklərdən danışan Amina Easat Daas onların zorakı təhdidlərə məruz qaldıqlarını bildirib. O deyib: “Məktəblərdə qadınların hicab geyinməsi qadağan edilmişdi. Qadınlar hicab geyindikləri üçün cəriməyə məruz qalırdılar. Sonradan müsəlman qadınların xilas edilməsi, onların geyimi ilə bağlı qanunlar qəbul edildi. Bu, azadlıq deyildi, qadınlara başqaları tərəfindən nəyinsə diktə edilməsi idi. Ümumiyyətlə, feminizm və müstəmləkəçilik Fransa siyasətinin əsasını təşkil edirdi. Müsəlman qadınlara nəzarətin vacibliyi qeyd olunurdu”.

Ərəbşünaslıq və islamşünaslıq üzrə professor, İnsan Hüquqları İnstitutunun elmi işçisi Susana Mangana çıxışında İslam dünyasındakı mənfi tendensiyaları aradan qaldırmaq üçün çalışmaq lazım olduğunu söyləyib. O diqqətə çatdırıb ki, mediada, cəmiyyətdə ikili standartların azaldılması üçün birlikdə mübarizə aparmaq lazımdır.

“İslama, müsəlman qadınlara qarşı mənfi fikirlər müəyyən dairələr tərəfindən ortaya atılır”, – deyən Susana Mangana əlavə edib ki, mediada müsəlman qadınların yanlış təqdimatı təəssüf doğurur. “Biz həmin düşüncəni, təəssüratları dəyişmək üçün mübarizə aparmalıyıq. Həmin stereotipləri məhdudlaşdırmasaq, müsəlman qadınlar məzlum kimi tanınacaq”, – deyə o vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışında ayrı-seçkiliyi insan hüquqlarının pozulması kimi qiymətləndirib. Deyib ki, bu, milyonlarla insana təsir edir.

Müsəlman qadınların hüquqlarının pozulmasının islamofobiya kontekstində artdığını bildirən A.Səfixanlı burada xüsusilə Fransanın nümunə çəkilməli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir sıra Avropa ölkələrində dini libasların geyinilməsi də qadağan olunub. Müsəlman qadınlar bu istiqamətdə həm siyasi, həm sosial baxımdan, eləcə də media tərəfdən təzyiqə məruz qalırlar. Bu da onların azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasıdır. “İslamın Qərb dəyərlərinə zidd olduğu deyilir. Əslində isə bu cür münasibət, müxtəlifliyə məhəl qoyulmaması zorakılığa yol açan amillərdir. Müsəlman qadınlara, xüsusilə hicab geyinən qadınlara qarşı ayrı- seçkiliyə iş yerlərində və cəmiyyətin digər sahələrində də yol verilir. Bu da müsəlman qadınların təhsil haqlarının məhdudlaşdırılması ilə nəticələnir.

Əksər qadınlar üçün bu cür ayrı-seçkilik maskalanır və gender bərabərliyinin təşviqi donu geyindirilir. Müsəlman qadınlar bunu təkzib edir və öz fikirlərini ifadə etmək, müqəddəratlarını özləri həll etmək istəyirlər”, – deyən Aparat rəhbəri vurğulayıb ki, müasir Avropada qərəz din, gender, eyni zamanda, qeyri-qanuni digər əməllər əsasında qurulub. Amma bu zərbəni ən çox müsəlman qadınlar alırlar.

A.Səfixanlı qeyd edib ki, beynəlxalq silahlı münaqişələrdə qadınlar 4-cü Cenevrə Konvensiyası tərəfindən qorunur. Bu cür vəziyyətlərdə qadınlar bütün hüquq və imtiyazlardan istifadə etməlidirlər. Bu zaman qadınlar həyata hörmət, fiziki və mənəvi bütövlük, təqib, əsir götürülmə kimi məsələlərdə istisna kimi çıxış edirlər. Təəssüf ki, müsəlman qadınlara gəldikdə bu cür öhdəliklər tətbiq olunmur.

Sonda Birgə Kommunike qəbul edilib.

ƏvvəlkiBakı konfransının ilk günü “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda müzakirələrlə başa çatıb
NövbətiAzərbaycan Ermənistanın işğalı altında olan kəndlərin dərhal azad olunmasını tələb edir