Bakıda Birinci Turan Kitab Festivalı təşkil olunacaq

Yanvarın 11-dən 15-dək Bakıda Birinci Turan Kitab Festivalı keçiriləcək. “Pasaj-1901” sərgi salonunda təşkil olunacaq festival “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq.

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç AZƏRTAC-a bildirib ki, festivalda 40-a yaxın nəşriyyatın, 20-yə yaxın kitab mağazasının iştirakı gözlənilir.

Onun sözlərinə görə, festivalda Türkiyədən olan bir sıra yazarların da iştirakı nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər aparılır. Festival günlərində kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

“Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab bayramında zamanınızı səmərəli keçirməyə kömək edəcək”, – deyə Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri bildirib.