Bakıda Avropa Bilik Yarışı keçirilib

İyulun 27-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə əməkdaşlığı ilə Avropa Bilik Yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarış Avropa Gənclər İlinə həsr olunub.

Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı istedadlı gəncləri bir araya gətirən bilik yarışı iştirakçıların Avropanın tarixi, dəyərləri, mədəniyyəti barədə biliklərini interaktiv yolla artırmaqla yanaşı, həm də onlarda komanda ruhunun və analitik bacarıqlarını inkişafına kömək edir.

Yarışda iştirak üçün 555 gənc müraciət edib, onlardan 66 nəfər müsabiqədən keçib. Bilik yarışına 14 komanda qatılıb.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bilik yarışına qatılan gəncləri salamlayaraq bildirib ki, Avropa İttifaqı pandemiya zamanı gənclərin çəkdiyi əziyyətləri nəzərə alaraq 2022-ci ili “Gənclər ili” elan edib. İki il sürən çox çətin dövrdən sonra Aİ bütün dünyadakı gənclər üçün daha bərabər təhsil və iş imkanları təmin etmək niyyətindədir. Gənclər ilində Aİ-nin Azərbaycandakı nümayəndəliyi Avropa Şəhərciyi, Avropa Yay Məktəbi və Aİ Gənclər Müsabiqəsi kimi tədbirlər keçirməyi planlaşdırır. Məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı daha çox gücləndirməkdir ki, parlaq gələcəyin qurucusu olan gənclər də bu məsələdə xüsusi rol oynayırlar.

Tədbirdə Almaniya, Çexiya və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, müxtəlif dövlət universitetlərinin tələbələri, Abşeron, Biləsuvar və Şəki şəhərlərinin orta məktəblərinin yuxarı sinif şagirdləri, eləcə də media nümayəndələri iştirak ediblər.

İki mərhələdə keçirilən bilik yarışında “Replicants” komandası qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “One Minute” və “Zekalar” komandaları tutub.

Qalibləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko mükafatlandırıb.

Yarışın bütün iştirakçılarına hədiyyələr təqdim olunub.

ƏvvəlkiBiləsuvarda 38 nəfərə qarşı dələduzluq edən şəxsin işi məhkəməyə göndərildi
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 399 yoluxma faktı qeydə alınıb