Bakıda apteklərdən oğurluq edən “Qırmızı mopedli” tutuldu

Paytaxtda apteklərdən oğurluq və soyğunçuluq yolu ilə kütləvi şəkildə talançılıq əməlləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında yeləşən apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur müəyyən olunub.

O, ifadəsində apteklərdən oğurluq etdiyini etiraf edib. Saxlanılan şəxs məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəsin onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Amma özünə məxsus mopedlə paytaxt küçələrində dolaşaraq oğurluq edən Gündüz Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.

Qeyd edək ki, saxlanılan şəxs şübhəni yayındırmaq üçün müxtəlif vaxtlarda mopedin konstruksiyasına dəyişikliklər etməklə rəngləyib. Onun barəsində Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gündüz Əsədpurun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

ƏvvəlkiDaha 65 nəfər koronavirusa yoluxub, 54 nəfər sağalıb
NövbətiPrezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib