Bakıda altı ölkədən 33 qadına beynəlxalq “Altın Kadın” mükafatı təqdim olunub

Türk Dünyası Qadın Platforması istedadı, zəhmətsevərliyi, vətənpərvərliyi, nüfuzu ilə seçilən, digərləri üçün rol-model olmağı bacaran və ilhamverici həyat hekayəsi olan 33 qadına Bakıda beynəlxalq “Altın Kadın” mükafatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı zəfərin ildönümü münasibətilə keçirilən tədbirdə türk millət vəkilləri Mihrimah Belma Satır, Aylin Cesur, Emine Sare Aydın, Asuman Erdoğan, Şimali Kipr Türk Respublikasının Bakıdakı elçisi Ufuk Arca Turganer, ombudsman Səbinə Əliyeva, azərbaycanlı deputatlar Hicran Hüseynova, Jalə Əliyeva, Ülviyyə Həmzəyeva, Kamilə Əliyeva, Qənirə Paşayeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKAP-ın təsisçisi Mehriban Əlişanova, Baş katib Ülviyyə Abdullayeva, Özbəkistan İnnovativ İnkişaf Nazirliyinin Baş Elmi Katibi Naiboxon Mamadalieva, olimpiya çempionu Zemfira Məftahətdinova, xanəndə Fərqanə Qasımova, teleaparıcı İlhamiyyə Rza, modelyer Fəxriyyə Xələfova, ASQB-nin sədri Zemfira Ağayeva, “Yaşat” Fondunun Himayədarlar Şurasının üzvü Sevinc Orucova və digərləri mükafata layiq görülüblər.

TÜRKAP-ın təsisçisi İlhamə Novruzova qeyd edib ki, xanımların məhz öz sahəsindən olan, həmkarları sayılan bəylər tərəfindən təltif edilmələri cəmiyyətdə gender balansının qorunmasını, imkanların bərabərliyini simvolizə edən jestdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, deputatlar Ramil Həsən, Hikmət Babaoğlu, Məzahir Əfəndiyev, İlham Məmmədov, Arzu Nağıyev, Vüqar İskəndərov, Emin Hacıyev, Müşfiq Məmmədov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq artisti Alim Qasımov, Mətbuat Şurasının sədri Rəşad Məcid, xanəndə qazi Məbud Əhmədov və digərləri də tədbirdə iştirak ediblər.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma ünvanlanan xüsusi təşəkkür plaketi Şuranın üzvü Həsən Həsənova təqdim olunub.