Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir

Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar bu dəfə Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir.

“Bakı metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, keçmiş SSRİ-nin “A” tipli ilk metro vaqonu 1934-cü ilin sonunda istehsal olunub. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinəsi, işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti çəkir. SSRİ-nin ilk yeraltı ictimai nəqliyyatı kimi Moskva metropoliteni 1935-ci ildə açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkibində olan bu vaqonun daim tarixdə xüsusi yeri olacaq.

Stansiyada nümayiş olunan digər eksponat da Bakı metropolitenində sərnişin daşımayıb. 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonların sonuncusu 1983-cü ildə xətdən çıxarılsa da, Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı. Bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb. Qeyd edilən hər iki vaqon 1960-cı illərin sonunda yolölçən vaqonun tərkib hissəsi kimi Bakı metropoliteni üçün ayrılıb. Bu vaqonlardan ibarət diaqnostika funksiyalı qatar 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə olunub. 2015-ci ildə Bakı metropoliteninin təqdim etdiyi layihə əsasında unikal diaqnostika kompleksi qurularaq istifadəyə verildikdən sonra bu vaqonların orijinal görkəmində bərpa olunaraq saxlanılması qərara alınıb.

Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin – Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.

Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılıb. Sonuncu vaqon məhz eksponat kimi saxlanılır. Metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin bir xatirəsi kimi diqqəti çəkir. Sərnişinlər iki gün ərzində “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış olub, xatirə şəkilləri çəkdirə bilərlər.

Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş olunacaq.

ƏvvəlkiYaşıl hidrogen mövzusunda seminar keçirilib
NövbətiBakıda gimnastika hamı üçün növü üzrə beynəlxalq turnir təşkil olunacaq