Bakı Enerji Həftəsinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya ilə yekun vurulub

İyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Türkiyə Prezidenti məktubunda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığını qeyd edib. Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu vizyonun regionun sabitliyi və rifahı baxımından önəmli olduğu vurğulanıb.

Daha sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən danışıb. Nazir azad edilmiş ərazilərin bərpaolunan enerji potensialı və əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” prosesinə töhfə verəcəyini bildirib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf çıxışında “SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası” çərçivəsində enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrini ehtiva edən yeni üfüqlər üzrə strateji təşəbbüslərindən bəhs edib. O qeyd edib ki, forumun xüsusi sessiyası çərçivəsində bərpaolunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və “Masdar” arasında imzalanacaq Anlaşma Memorandumu, eyni zamanda SOCAR və BP arasında Əməkdaşlıq Müqaviləsi bu strategiyanın əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər.

R.Nəcəf Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilən bu ərazilərin öz geniş iqtisadi, nəqliyyat, turizm və bərpaolunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini vurğulayıb.

BP-nin Regional prezidenti Qəri Counz çıxışında şirkətin təxminən 30 il ərzində Azərbaycanda neft-qaz sektorunda uğurla fəaliyyət göstərdiyini bildirib. O, bu illər ərzində SOCAR ilə etibarlı əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” dövründə Azərbaycanın bərpaolunan enerji potensialının inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra “Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutun, “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharraminin, “ACWA Power” şirkətinin İnvestisiya direktoru Klayv Törtnün çıxışları dinlənilib.

Həmçinin, Bakı Enerji Həftəsi haqqında videoçarx nümayiş etdirilib, Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, SOCAR ilə BP arasında imzalanan Əməkdaşlıq Müqaviləsi və “Masdar” şirkəti arasında imzalanan Anlaşma Memorandumu SOCAR-ın neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasını və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqini, habelə bərpaolunan enerji mənbələrinin birgə inkişafını hədəfləyir.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan Şuşa turunda isə tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.

ƏvvəlkiMilli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
NövbətiBakıda açıq yoqa dərsi təşkil edilib