“Azeri Business Award 2022” mükafatının təqdimat mərasimi keçirilib

Martın 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun – tibb, tikinti, logistika, quşçuluq və digər sahələrin nümayəndələridir.

“Azeri Business Award” mükafatının partnyorları “Avtolüks Azərbaycan” MMC və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Ganja Sharab”, “Hillside”, “Kobi Sno”, “Alison’s Atelier”, “NS design”, “Bizon”, “Art Gallery by Rauf Janibekov” və “King’ Style” Tie & Parfum” idi.

Təltifetmə mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimatı olub. Bundan başqa, “Azeri Business Award” mükafatının partnyoru “Avtolüks Azərbaycan” MMC tamamilə yenilənmiş “Jeep Grand Cherokee” avtomobilinin təqdimatını keçirib.

Sonra 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimatı olub.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iqtisadi və ticari əlaqələrin inkişafına verdiyi töhfəyə görə əsas mükafata layiq görülüb.

“Qranit QP” şirkətinin rəhbəri Rübabə Mürşüdovaya dağ-mədən sahəsində ilin iş adamı mükafatı verilib. Plastik və estetik cərrah Günel Bayramlı plastik-estetik cərrahiyyə sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olunub. “Camal LTD”nin “Iceland” brendi dondurma istehsalı, “SƏBA” ASC ilin quşçuluq şirkəti, “Biləsuvar Aqro” süd məhsulları və kərə yağı istehsalı, “FAB Boya və Kimya Sənayesi” ilin keyfiyyətli boya istehsalçısı, “Crystal Beton” ilin beton istehsalçısı elan edilərək mükafata layiq görülüblər.

Həmçinin Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olunub. “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” keyfiyyətli tərəfdaş, “LV Caspian Limited” ilin logistika şirkəti, “ByCafeCity” restoranlar şəbəkəsi müştəri seçimi, “AZPRINT” ilin mətbəəsi, “KATV1” ilin kabel televiziyası operatoru, “İydə Perfumery” ilin parfümeri, “Bakı OTIS Lift” sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri nominasiyalarında qalib elan olunub.

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilin informasiya agentliyi mükafatına layiq görülüb.

Mərasim canlı musiqinin müşayiəti ilə davam edib.

Tədbirin informasiya tərəfdaşları AZƏRTAC, “İnsider.az”, “Report.az”, “Urban.az”, “Marja.az” və “Rockvell” olub.

ƏvvəlkiLatviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub
NövbətiAzərbaycan filmi Fransada 3 mükafat qazanıb