“AzerGold” ISO beynəlxalq standart sertifikatlarına layiq görülüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb. Cəmiyyət beynəlxalq standartlaşdırma təşkilatı ISO (International Organization for Standardization) tərəfindən 3 sertifikata layiq görülüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə akkreditasiyadan keçən sertifikatlaşdırma qurumu olan “TUV AUSTRIA CERT GMBH” şirkəti tərəfindən cari il oktyabrın 14-16-da keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən, “AzerGold”a Keyfiyyət İdarəetmə Sistemi üzrə ISO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə ISO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə ISO 14001:2015 beynəlxalq sertifikatları təqdim edilib.

Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Səhmdar cəmiyyət fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, o cümlədən qanunların və normativ sənədlərin tətbiqi, kadrların səriştəliliyi, istehsal olunan məhsulların rəqabətə davamlılığının artırılması, sağlam iş şəraitinin yaradılması, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirinin azaldılması və digər meyarlar əsasında gözlənilən nəticələrə nail olub.

Adıçəkilən beynəlxalq sertifikatların əldə olunması şirkətə fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, istehsalın artması, beynəlxalq bazarlara çıxışın asanlaşması və ixrac potensialının artırılması, eləcə də müştəri məmnunluğuna nail olunması kimi mühüm imkanlar yaradaraq, müəssisənin daxili və xarici bazarda müsbət imicinin qorunub saxlanılmasına, idarəetmədə müasir metodların tətbiqinə, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və bu sahələrdə görülən işlərin daha da mükəmməlləşdirməsinə təkan verəcək. Cəmiyyətin fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

ƏvvəlkiBakıda Pakistan vətəndaşı həmyerlisinə qarşı dələduzluq edib
NövbətiAlbert Aqarunovun heykəlinin açılışı olub