Azərbaycanlı velosipedçilər “Tour of Sharjah” yarışının ikinci mərhələsini başa vurublar

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) şose velosipedi üzrə 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışının ikinci mərhələsi başa çatıb.

Azərbaycan Velosiped Federasiyasından AZƏRTAC-a bildirilib ki, yanvarın 28-də idmançılar 130,7 km məsafəyə qrup ötüşməsi növündə mübarizə aparıblar.

“Sharjah University” ərazisindən start götürən velosipedçilər “Al Badayer Oasis”də finişə çatıblar.

Yarışda 6 idmançı ilə təmsil olunan Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının bütün üzvləri əzmlə mübarizə apararaq, finiş xəttini lider qrupun tərkibində keçiblər. Hakimlər nəticələri fotofinişə əsasən müəyyənləşdiriblər.

Bu mərhələni milli komandamızın üzvlərindən Musa Mikayılzadə 16-cı (02h49’55”), Elçin Əsədov 17-ci (02h49’55”), Nəcəf Bağırov 20-ci (02h49’55”), Elgün Əlizadə 33-cü (02h49’55”), Şahin Eyvazov 79-cu (02h49’55”), Əli Qurbanov isə 86-cı (02h49’55’) yerdə başa vurublar.

BƏƏ-nin “Dubai Police” klubunun əlcəzairli idmançısı Hamza Yacine (02h49’55’) birinci yerə layiq görülüb.

Gənc velosipedçilər arasında isə milli komandamızın üzvü Nəcəf Bağırov 4-cü pillədə yer alıb (02h49’55”).

İki mərhələnin ümumi nəticəsinə əsasən milli yığma komandamızın kapitanı Elçin Əsədov 10-cu yerdə qərarlaşıb (03h01’32”). O, yarışın liderindən 18 saniyə geri qalır.

Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarışa yanvarın 31-də yekun vurulacaq.

ƏvvəlkiEkoaksiya: Bu gün sülhməramlılara məxsus 38 avtomobil ərazidən sərbəst keçib
NövbətiDonald Tramp seçkiqabağı kampaniyaya başlayır