Azərbaycanlı TÜRKSOY nümayəndəsinin iştirakı ilə qazaxıstanlı xilasedicilər 3 nəfəri dağıntılar altından sağ çıxarıb

“TÜRKSOY nümayəndəsi olaraq Qazaxıstandan göndərilən xilasetmə qrupuna tərcüməçi kimi dəstək verdiyim müddətdə dağıntılar altından ata və iki oğlu olmaqla, 3 nəfəri xilas etmək mümkün oldu”.

Bunu “Report”un Ankara Bürosuna Türk dünyası Beynəlxalq Mədəniyyət Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib.

Vüqar Novruzoğlu deyib ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək vermək üçün TÜRKSOY olaraq mütəşəkkil qaydada fəaliyyətə başlayıblar:

“Hadisənin ikinci günündə biz 13 nəfərlik heyətlə zəlzələdən zərərçəkənlər üçün ən zəruri ehtiyaclar ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdik. İlk getdiyimiz yerlərdən biri də Qaziantepin Beykent kompleksi idi. Biz orada TÜRKSOY olaraq zəlzələdən zərəçəkənlər üçün çadırlar qururduq. Bilirsiniz ki, başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən olan xilasetmə qrupları Türkiyədədir. Azərbaycandan olan xilasedicilərlə Türkiyə əhalisi arasında tərcüməyə ehtiyac yoxdur.

Amma türk dünyasından – Qazaxıstan, Qırğızstan və digər ölkələrdən gələn heyətlər üçün tərcüməçiyə ehtiyac olur. Orada məlum oldu ki, Qzaxıstandan gələn xilasetmə qrupu çalışır və tərcüməçiyə ehtiyac var. O səbəbdən də onlara tərcüməçi olaraq mən təhkim edildim. Qrupda 16-17 nəfər qazaxıstanlı xilasedicilər vardı. Tam 19 saat səhərə qədər dayanmadan onlarla bərabər çalışdıq. Zəlzələ baş verdiyi andan tam 77 saat sonra ata və iki oğlunu xilas etmənin sevincini yaşadıq”.

ƏvvəlkiSverdlovskda yaşayan azərbaycanlılar Türkiyəyə humanitar yardım göndəriblər
NövbətiMalatyada zəlzələdə uçan binalara görə daha 31 nəfər saxlanılıb