Azərbaycanlı həkim: Erməni əsilli vətəndaşlara yerindəcə ilkin tibbi yardım göstərdik, sonra Xankəndidəki xəstəxanaya çatdırdıq

Gecə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə erməni əsilli vətəndaşların halı pisləşib, özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Təzyiq qalxması və isterikası olan erməni vətəndaşlardan üçünün vəziyyəti nisbətən ağır idi.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçın-Xankəndi yolunda halı pisləşən Qarabağda yaşayan ermənilərə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

Həkim bildirib ki, erməni əsilli vətəndaşlara yerindəcə ilkin tibbi yardım göstərilib, daha sonra Xankəndidəki xəstəxanaya sağlam şəkildə çatdırılıb.

Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən azərbaycanlı həkim qeyd edib ki, tibb maşınını postda saxlayanda erməni dilində sual versələr də, onlar Azərbaycan dilində cavab veriblər. “Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri – Şuşaya qayıtdıq”, – deyə o əlavə edib.

ƏvvəlkiMingəçevir su hövzəsində zəlzələ olub
NövbətiRafiq Hüseynov: “Hədəf dördüncü dəfə Avropa çempionu olmaqdır”