Azərbaycanlı diaspor xadiminin adına fond yaradıldı

Qazaxıstanın paytaxtı Nu-Sultan şəhərində azərbaycanlı alim, ictimai xadim və publisist Vidadi Koroğlu oğlu Salahovun xatirəsi əbədiləşdirilərək onun adına fond təsis edilib.

Türk.az xəbər verir ki, Vidadi Salahovun xanımı Marina Salahovanın təşəbbüsü və Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə yaradılan “Ata Yurt – Vidadi” fondun əsas məqsədi Qazaxıstanda elmi, mədəni proseslərdə dəstək vermək, humanizm və tolerantlığı, intellektual inkişafı təşviq etmək, ölkənin tanınmış ictimai və dövlət xadimlərinin ideyalarını təbliğ etmək, bu istiqamətdə fəaliyyət göstərən qurumların fəaliyyətini dəstəkləmək, gəncləri təhsilə və elmi tədqiqatlara həvəsləndirməkdən ibarətdir.

“Ata Yurt – Vidadi” fondunun təqdimat mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib ki, Vidadi Salahovun fəaliyyəti, qardaş Qazaxıstanın elmi-mədəni həyatında iştirakı burda yaşayan soydaşlarımız üçün örnək təşkil edir. O, Qazaxıstanda ictimai harmoniyanın möhkəmlənməsinə, soydaşlarımızın təşkilatlannmasına, Azərbaycan-Qazaxıstan münasibətlərinin təbliğinə böyük töhfələr verib. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Qazaxıstan Prezident Administrasiyasının Qazaxıstan Xalqı Assambleyasının (QXA) katibliyinin müdiri, Qazaxıstan Xalqı Assambleyasının sədr müavini Canseyit Tümebayev bildirib ki, qazaxlar və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin siyasi, mədəni və sosial həyatında aktiv iştirak edirlər. C.Tümebayev qeyd edib ki, V.Salahov Nur-Sultan şəhərində çap olunan “Turan Ekspress” qəzetinin təsisçisi və redaktoru kimi ölkənin ictimai həyatında və azərbaycanlıların təşkilatlanmasında kifayət qədər aktiv olub. O, “Ata Yurt – Vidadi” Fondunun təsisçisi M.Salahovaya Qazaxıstan Xalqı Assambleyası adından təşəkkürnamə təqdim edib.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev bildirib ki, Komitə V.Salahovla bağlı bioqrafik xarakterli kitabın hazırlanması və çapına dəstək göstərəcək. O, Komitənin sədri Fuad Muradovun adından Fondun təsisçisi M.Salahovaya “Təşəkkür məktubu” təqdim edib.

“Ata Yurt – Vidadi” Fondunun təsisçisi Marina Salahova yeni yaradılan təşkilatın məqsəd və vəzifələri barədə geniş məlumat verib və dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib. Sonra Vidadi Salahovun fəaliyyətinə işıq salan qısa videomaterial təqdim olunub, mərhumun şeirlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, ötən il Nur-Sultan şəhərində dünyasının dəyişən tarix elmləri doktoru, professor Vidadi Salahov uzun illər Qazaxıstanda yaşayıb, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri kimi Azərbaycan diasporuna başçılıq edib. Qazaxıstan Dövlət Tarixi İnstitutunun akademiki kimi ölkənin elmi-mədəni və ictimai həyatında aktiv iştirak edib. Nur-Sultanda çap olunan “Turan-exspress” qəzetinin təsisçisi və baş redaktoru, Qazaxıstan Redaktorlar Klubunun üzvü olub.

Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1978-1983-cu illərdə Voronej Dovlət Universitetində oxuyub. 1983-1987-ci illərdə Tselinoqradda (Nur-Sultan) 23 saylı orta məktəbin, 1987-1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərib. 1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv” qəzetində muxbir vəzifəsində çalışıb. 1997-2004-cu illərdə “Akmola” Astana şəhərində fəaliyyət gostərən “Azamat”, “Times” qəzetinin müxbiri olub. 2004-cu ildə “Turan-exspress” qəzetini təsis edib.

Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, “Qızıl qartal” ordeni ilə (Hannover), 16 diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

Əvvəlkiİran vətəndaşları Qasım Süleymani ilə vidalaşır – FOTOREPORTAJ
NövbətiErmənistan silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub